İrəvan Rusiya üçün şərtlər qoyur: “Qərar verin, ya bizim düdük altında rəqs edəcəksiniz, ya da Amerikaya yollanacağıq”. Bu fikirlər Ermənistanin “Birinci” informasiya nəşrindəki “İrəvan seçim təqdim edir: inhisarın və ya strateji tərəfdaşlığın faydaları” adlı məqalədə yer alıb.
Müəllifə görə, iyunun 24-də Moskvaya yola düşəcək Paşinyanın Putinlə görüşü baş tutarsa, o zaman mövzu enerji sahəsində əməkdaşlıq olacaq. Üstəlik, Paşinyan “Metsamor” AES-in modernləşdirilməsi məsələsində amerikalılarla keçmiş danışıqlar və əldə olunmuş razılaşmalarla Rusiya Prezidentini şantaj etməyə cəhd edə bilər: “2019-cu ilin oktyabr ayında ABŞ-a səfəri zamanı Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Akop Vardanyan Dövlət Katibliyinin və ABŞ Energetika Nazirliyinin nümayəndələri ilə görüşüb. O bildirib ki, erməni tərəfi Amerika istehsalı olan kiçik modullu reaktorun qurulmasında maraqlıdır. Bir qədər sonra ABŞ-ın Ermənistandakı səfiri Lin Tresi Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan ilə virtual müzakirə edib. Beləliklə, sitat gətirilən mənbəyə görə, Ermənistan Rusiyaya ABŞ ilə enerji əməkdaşlığına başlayacağını və bunun Aİİ-də olma şərtlərinə uyğun olmadığını elan edir. Rəsmi İrəvan “Ya geostrateji tərəfdaşlığı, ya da “Qazprom”un faydalarını təyin edin” deyib”.
O da qeyd olunub ki, bunun Ermənistana nə verəcəyi və Paşinyan komandasını şantaj etmək üçün Putinin cavabı yaxın zamanlarda bəlli olacaq.
Görünən odur ki, Ermənistan tərəfi eneji məsələləri ilə bağlı tərəflər arasında mövcud olan fikir ayrılıqları ilə əlaqədar Putinlə şantaj dilində danışacağını artıq gizlətmir. Belə görünür ki, Ermənistan sözügedən məsələdə Rusiyanın tutduğu mövqe ilə razılaşmaq fkrində deyil.
Maraqlıdır, bütün bunları ekspertlər necə şərh edirlər?
“Enerji məsələsində Rusiya yalnız öz maraqlarına uyğun gələn addım atacaq”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi Rusiya ilə şantaj dilində danışmağa cəhd edə bilər: “Çünki Nikol Paşinyan hökuməti çox böyük iddialarla çıxış edir. Ölkənin strateji əməkdaşlıq yolunu dəyişməkdə, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxararaq Qərbə doğru yönəltməkdə çox maraqlıdır. Ancaq ortaya sual çıxır, Ermənistan hansı güclə, potensialla və qüdrətlə bunu edəcək? Ermənistan iqtisadi baxımdan zəif ölkələrdən biridir. Bu ölkənin açıq dənizə çıxışı yoxdur və bu səbəbdən ora investisiyalar qoyulmur. Ermənistan Rusiyadan başqa heç bir dövlət üçün maraqlı deyil. Belə olan halda, onun bir dövlət kimi mövcudluğuna, iqtisadi baxımdan ayaqda durmasına səbəbkar olan bir dövlətlə Ermənistanın güc dilində danışması reallıqdan uzaqdır. Digər tərəfdən, bu gün Moskvada Ermənistanın heç də sədaqətli müttəfiq olmaması qənaəti formalaşıb. Ermənistan Rusiyanın bu dövlət üçün etdiklərini nəzərə almır. Ermənilər belə hesab edirlər ki, Ermənistan başqa dövlətlərin təsiri altına düşməyə çalışdığı bir dövrdə belə, onun iqtisadi müstəqilliyini Rusiya təmin etməlidir. Ancaq nəinki Rusiya, buna heç bir dövlət razı ola bilməz. Parad günü və yaxud da başqa vaxt Ermənistan rəsmilərinin Rusiya ilə şantaj, hədə-qorxu ilə danışması heç nə verməyəcək. Çünki sözügedən məsələdə Rusiya söz sahibidir. Rusiya Ermənistana qaz verir, kredit ayırır və s. Ona görə də Kreml Paşinyanın tələblərinə yox deyəcək. Enerji məsələsində Rusiya yalnız öz maraqlarına uyğun gələn addım atacaq”.
Vidadi ORDAHALLI