Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçilərinin imzaladıqları məlum bəyanatın Ermənistanda yaratdığı narahatlıq səngimək bilmir. Sözügedən qərar Paşinyan hökumətinə qarşı müxalifətin hücumlarını da xeyli gücləndirib. Müxalifətin ayrı-ayrı qanadının Paşinyan iqtidarına qarşı son aylarda apardığı kampaniya xeyli güclənib və Qarabağ məsələsi üzərində fokuslaşıb. Vəziyyət o yerə çatıb ki, bir çoxu Nikol Paşinyanı “Azərbaycana işləməkdə” açıq ittiham edir.
Ermənilər bəyan edirlər ki, əsl həngamə hələ qabaqdadır. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan news.am saytına mövzu ilə bağlı müsahibəsində deyib ki, əsas məsələ bir neçə gün sonra Avropa Parlamentinin iclasında qəbul ediləcək qanundur. O qəbul edildikdən sonra vəziyyət daha da gərgin olacaq. Avropa Parlamenti-Ermənistan Parlament Əməkdaşlıq Komitəsinin hazırkı həmsədri Arman Eqoyan isə bidirib ki, sözügedən bəyanat AP-nin hansısa bir strukturunun bəyanatı deyil və ümumi iclasda qəbul edilməyib: “Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair rəsmi təklifləri bir neçə gündən sonra təsdiqlənəcək. Bu, artıq Avropa Parlamentinin rəsmi mövqeyi olacaq və son 3 ayda Azərbaycan tərəfinin səyləri üç Avropa parlamentarisinin bəyanatında səslənən sözləri daxil etməyə yönəlib”.
Bəyanatda əsas diqqətçəkən, elə həm də erməniləri qıcıqlandıran məqam orada işğal faktının və Azərbaycanın ərazi bütövlüyünün aşkar vurğulanmasıdır. Belə görünür ki, AP sözügedən məsələ ilə bağlı qanun qəbul etdikdən sonra bu, Ermənistanın işğalçılıq fəaliyyətinə vurulan növbəti daha güclü zərbə olacaq.
“Artıq qurumda sözügedən prosesə start verilib və yaxın zamanda biz bunu görəcəyik”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Elman Nəsirov bir sıra məqamlara toxundu: “Əvvəla bu bəyanatın özəlliyi ondan ibarətdir ki, onu Avropa Parlamentinin Azərbaycan, Ermənistan və AP-nin Azərbaycan, Gürcüstan üzrə məruzəçiləri və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri birgə imzalayıblar. Sözügedən bəyanatda bizim üçün əlverişli vacib məqamlar var. İlk növbədə, Ermənistanın separatçı qurumla nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlı atdığı addım qanunsuz sayılır. Yeni yolun çəkilməsi beynəlxalq hüquqa zidd addım kimi dəyərləndirilir. İkincisi, bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, sərhədlərinin toxunulmazlığı ideyası öz əksini tapıb. Üçüncüsü, Ermənistanın Azərbaycan torpaqlarını işğal faktı qeyd olunub. Bu səbəbdən də Ermənistan mətbuatında sözügedən məsələ ilə bağlı müzakirələr səngimək bilmir. Xüsusən də D.Şahnazaryan öz çıxışlarında buna çox böyük yer verir və hesab edir ki, bu, Ermənistan diplomatiyasının biabırçı məğlubiyyətidir. Eyni zamanda, onu da qeyd edir ki, Ermənistan rəhbərliyi öz məğlubiyyətini əsaslandırmaq üçün də addımlar atmır. Bu onu göstərir ki, tam passiv və məğlubiyyəti ilə barışmış bir hakimiyyət Ermənistanı idarə edir. Bax, Şahnazaryan belə bir mövqe ortaya qoyur. Bununla belə, onu da qeyd edir ki, bu hələ başlanğıcdır. Qarşıdakı günlərdə AP Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul edəcək. Azərbaycanın mövqeyi münaqişənin beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edir. AP məhz bu mövqeyi müdafiə edən çox ciddi sənəd qəbul edəcək. Artıq AP-də sözügedən prosesə start verilib və yaxın zamanda biz bunu görəcəyik. Bu, artıq Ermənistan rəhbərliyinin biabırçı xarici siyasətinin bir ifadəsi olacaq. Ondan sonra artıq Paşinyanın hakimiyyətdə qalmaq məsələsi günün aktual mövzusuna çevriləcək”.
E.Nəsirovun fikrincə, bütün bunlar onu göstərir ki, Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər güclüdür: “Ölkə Prezidenti cənab İlham Əliyevin hücum taktikasına söykənən xarici siyasət diplomatiyası konkret nəticələrə əsaslanır. Avropa parlamentarilərinin qəbul etdiyi son bəyannamə bir daha onu göstərir ki, Azərbaycan çox uğurlu xarici siyasət kursu həyata keçirir. Bunun səmərəsi get-gedə daha çox özünü göstərir”.
Vidadi ORDAHALLI