Nikol Paşinyan hakimiyyəti "döyüş hazırlığı" vəziyyətinə gətirib. Ermənistan mediasındakı məlumatlarda bildirilir ki, güc strukturlarının rəhbərlərini dəyişdikdən sonra baş nazir Paşinyan bu idarələrin rəhbərlərinə cəmiyyətə əvvəlki etimadı bərpa etmək üçün bəzi müsbət göstəriciləri göstərməyi tapşırıb.
Üstəlik, onlara xəbərdarlıq edilib ki, kimsə öz oyununu oynamağa çalışırsa, dərhal əvvəlki rejimin qalıqlarından yaxa qurtarıldığı kimi onlar da uzaqlaşdırılacaqlar.
Bununla Paşinyan siyasi rəqiblərinə qarşı növbəti dözümsüzlük toxumlarını da səpib. Ən başlıcası, hər şeyin baş nazirlə şəxsən razılaşdırılması, onun xəbəri olmadan heç bir şey edilməməsi və onun göstərişlərinin yerinə yetirilməsindən yayınanların işdən uzaqlaşdırılması tapşırılıb.
İyunun 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Tsarukyanın evini mühasirəyə alması siyasi böhranın fitilini alovlandırdı. Xüsusi təyinatlılar “Çiçəklənən Ermənistan” Partiyasının ofisində də axtarışlar aparıb. Tsarukyan dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə aparılarkən bildirib ki, “geri çəkilmək niyyətində deyil”. Onun tərəfdarları MTX-nin binası önündə “Nikol get”, “Tsarukyan baş nazirdir” şüarları ilə aksiya keçirib, hətta binaya daxil olmaq istəyərkən xüsusi təyinatlılarla qarşıdurma yaşanıb.
Paşinyanın “küçə inqilabı” ilə hakimiyyətə gələrkən əsas dəstəkçisi kimi çıxış edən və daxili siyasətdə güclənməsində payı olan Tsarukyanın üzərinə xüsusi təyinatlıları göndərməsi Ermənistanda pandemiyanın yaratdığı acınacaqlı mənzərə fonunda təsadüfi deyil.
Paşinyanın bu addımları ölkəni sürətlə diktaturuya sürüklədiyinin göstəricisi sayıla bilərmi?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan bu addımları təsadüfən atmır:“Onun narahatlığı aydın görünür. Paşinyan anlayır ki, artıq hakimiyyəti itirməklə üz-üzə qalıb. Eyni gündə güc strukturlarının təmsilçilərinin istefa ərizəsi yazması təsadüfi deyildi. Proseslərin kənardan idarə edildiyinə dair rəylər səslənir. Hər hardan idarə olunsa da, bunu Paşinyana verilən ciddi xəbərdarlıq mesajı kimi də qəbul edə bilərik. İstefalardan bir gün sonra isə daha maraqlı vəziyyət yarandı. 9 iyunda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan hökumətin vədlərini yerinə yetirməsi üçün vaxt verildiyini, lakin ölkəyə investisiyanın gətirilmədiyini, iqtisadiyyatın inkişaf etmədiyini, koronavirusla mübarizədə də uğursuz olduğunu əsas gətirərək istefa tələbi ilə çıxış etdi. Bu proseslərin bir-biri ilə zəncirvari bağlantılı olduğuna qəti şübhə yoxdur. Paşinyan görür ki, komanda üzvlərinin ona göstərdiyi etimadsızlığın fonunda Tsarukyan dərhal hökumətin istefasını tələb edir. Tsarukyan faktiki olaraq parlamentdə ikinci böyük fraksiyaya rəhbərlik edir. Bu da o anlama gəlir ki, artıq Paşinyan üçün mədəni devrilmə planı da hazırdır. Bir qədər də güc qoyulsa, Paşinyanı elə parlamentdə devirmək mümkün olacaq. Bütün bunları Paşinyan yaxşı dərk etdiyi üçün repressiv metodlara əl atır ki, rəqiblərini qorxuda bilsin. Əks təqdirdə onun devrilməsi daha da sürətlənə bilər. Paşinyan komandası proseslərin Rusiyadan idarə edildiyi qənaətində olduqlarına dair fikirlər səsləndirir. İnandırıcıdır, çünkü Rusiyanı Paşinyanın Ermənistanda hakimiyyətdə olması qəti qane etmir”.
Məhəmmədəli QƏRİBLİ