Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan da bu prosesdə ən öndə gedən ölkələrdən biridir. Ölkəmizdə koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.
Koronovirusun vura biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib və bu plan icra olunmaqdadır. Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar karantin rejiminin qaydalarına əməl etməlidir. Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 milyard manat ayrılıb ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın, həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun. Dövlət başçısı qeyd edib ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Prezident çıxışları zamanı vətəndaşlara müraciətində qaydalara əməl etməyə çağırır ki, biz bu ağır vəziyyətdən az itki ilə çıxa bilək.
Təəssüflə qeyd edə bilərik ki, biz bu istiqamətdə, xüsusilə də siyasi palitranın bütün spektrinin həmrəylik nümayiş etdirdiyini görmürük. Radikal müxalif partiyaların əhalinin maarifləndirilməsi istiqamətində hər hansı çağırışlar etdiyinin şahidi olmuruq. Həmin dairələr, hətta belə məqamda da yalnız hakimiyyəti tənqid edir, görülən bəzi işlərə kölgə salan təbliğat aparırırlar. Siyasi palitradakı bu mənzərə bizi qane edə bilərmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, pandemiyanı müharibə ilə eyniləşdirirlər: “Müharibə elan olunubsa, biz bütün siyasi intriqaları kənara atıb birlikdə mübarizə aparmalıyıq. Təəssüf ki, bunu bütün siyasi partiyaların davranışlarında görmürük. Bəziləri fürsətçil davranmağa çalışıb, öz siyasi intriqaları üçün vəziyyətdən yararlanmağa meyl edir. Bunu bütün siyasi partiyalara şamil edə bilmərik. Xüsusilə də parlamentdə təmsil olunan partiyalar bu istiqamətdə olduqca fəaldırlar və əsl dövlətçi mövqe ortaya qoyublar. Mən şahidi oldum ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalar COVID-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat qəbul etdilər. Qeyd edim ki, belə bir bəyanatla bağlı təşəbbüs Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Parlamentdə təmsil olunan bütün partiyaların bu təşəbbüsə qoşulması təqdirəlayiq idi. Bəyanatda siyası partiya olaraq bu məsələdə həmrəy mövqe bildirilib. Bəyanatda koronavirusun dünyada törətdiyi böyük bəlalara qarşı Azərbaycan dövlətinin aparmış olduğu mücadilə, fədakarlıq birmənalı və geniş şəkildə ifadə olunub. Bu mübarizənin Azərbaycanın ictimai-siyasi mühitində təqdim olunmasında, ictimai rəyin formalaşmasında fəal iştirak etmək məsələsində bütün partiyalar belə mövqe ortaya qoymalıdır. Belə bir niyyət ifadə edilməlidir ki, bundan sonra da koronavirusa qarşı aparılan mübarizədə dövlətimizin siyasətinin çox böyük uğurla getdiyini bütün cəmiyyətimizə çatdırmalıyıq, ona dəstəyimizi ifadə etməliyik. Eyni zamanda, bütün siyasi qüvvələr bu gün xalqımızla, dövlətimizlə bərabər olaraq öz imkanları, potensialı daxilində pandemiyaya qarşı aparılan mübarizədə fəal yer almalıdır. Bu gün dövlət səviyyəsində koronavirus pandemiyası ilə mübarizədə sistemli tədbirlər həyata keçirilirsə, siyasi təsisatların bütün spektri dövlətə dəstəyini ifadə etməlidir”.
Məhəmmədəli QƏRİBLİ