Beynəlxalq müstəvidə Azərbaycanın bir-birinin ardınca Ermənistana vurduğu diplomatik zərbələr işğalçı ölkədə şok effekti yaratmaqda davam edir. Ermənistanda hesab edilir ki, Azərbaycan yeni belə qələbələrə imza atmaqda davam edərsə, Dağlıq Qarabağ münaqişəsini yaxın tezlikdə öz maraqları çərçivəsində həll edəcək. Bu xüsusda düşmən ölkədə konkret misal kimi Ermənistanla Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomobil yolunun inşası ilə bağlı Avropa Parlamenti üzvlərinin birgə bəyanatı göstərlir.
Qeyd edək ki, bu bəyanata Ermənistanda verilən reaksiyalar burada sözügedən sənəd ətrafında böyük bir rezonansın yarandığını üzə çıxarır. Bu da təsadüfi deyil. Çünki Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və qurumun Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovkonun birgə bəyanatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin Bakının yanında yer aldığını bir daha təsdiqlədi. Yenidən məlum oldu ki, Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Eyni zamanda, onlar, BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər əsasında Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının zəruriliyini İrəvanın diqqətinə çatdırırlar. Təbii ki, Ermənistanın təkbaşına bütün bunlara hansısa müqaviməti mümkün sayılmır. Eyni zamanda Ermənistanı qorxudan odur ki, Avropa Parlamentinin Ermənistanın beynəlxalq hüququ pozan işğal siyasətinə qarşı sərgilədiyi mövqe digər beynəlxalq təşkilatlar üçün də bundan sonra presedent rolunu oynayacaq. İşğal etdiyi ərazilərə çıxış yolları Azərbaycan ordusunun nəzarətində olan Ermənistan yeni infrastruktur inşa etməyə məcbur olsa da, Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət olan belə addımlar beynəlxalq təsisatların getdikcə daha sərt reaksiyasına səbəb olur. Göründüyü kimi, Azərbaycan hərbi və diplomatik cəbhədə paralel addımlar atmaqla işğalçı ölkəni dalana salır və proseslər ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində inkişaf edir.
Ermənistan bu durumda onu da anlayır ki, beynəlxalq birtliyin belə bir mövqe sərgilədiyi şəraitdə Azərbaycan Qarabağ məsələsini güc yolu ilə həll edəcək. Qeyd edilən xüsusda Ermənistanın “lragir.am” nəşri yazır:“Avropa Parlamentinin Ermənistan, Azərbaycan üzrə məruzəçiləri, Ermənistan, Azərbaycan və Gürcüstanla Avropa Parlamenti Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri səviyyəsində üçüncü yolun tikintisi ilə bağlı qəbul etdiyi antierməni birgə bəyanatı Bakı rəhbərliyi qarşısında müharibə ilə bağlı yaşıl işıq yandırır. Bunun üçün artıq bir presedent - aprel döyüşləri var. Bu döyüşlər bir sıra amillər əsasında yetişmişdi, bunlardan biri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 26 yanvar 2016-cı il tarixində Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi qətnamə idi. Ermənistanın Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilstına zorla qoşulmasından sonra Azərbaycan problemi müharibə yolu ilə həll etmək niyyətində idi. Bunun üçün müharibə hüququnun legitimləşdirilməsi vacib idi. Rusiya ilə bu problem Ermənistanı Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilstında təcrid edilməsi və Ermənistana silah tədarükünün dayandırılması, Avropada isə anti-Ermənistan qətnaməsi ilə həll edildi. Görəsən, Ermənistan parlamentindəki aprel döyüşünün detallarını araşdıran istintaq komissiyası bu epizoda toxunubmu? Problem tanklarda dizel yanacağı problemindən daha vacib, müharibənin yetişməsinin siyasi komponentinin olmasıdır. Bu komponentin, o cümlədən Avropa qurumlarının və Minsk Qrupu həmsədrlərinin davranışları barədə dəqiq bir siyasi qiymətləndirmə olmadıqda, komissiyanın rəyi heç bir məna daşımır və gələcəkdə oxşar siyasi sxemlərin qarşısı alınmayacaq. Erməni siyasi dairələri, 2016-cı ilin həmin müharibə günlərində olduğu kimi, İrəvanın mərkəzindən kənarda heç bir inkişaf prosesini görməyərək daxili qarışıqlıq və xırda mübahisələr içində vurnuxmağa davam edir. Belə vəziyyətdə Azərbaycanın güc tətbiqi ilə yenidən müəyyən əraziləri öz nəzarəti altlna alması təəccüblü olmayacaq”. Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Naira Zöhrabyan da eyni mövqeni bölüşür:“Bir daha bildirmək istəyirəm ki, Avropa Parlamentinin üç deputatının Qarabağa çəkilməsi planlaşdırılan üçüncü yol barədə verdiyi bəyanat rəsmi İrəvanın tam diplomatik məğlubiyyətidir. Mən Avropa Parlamenti-Ermənistan parlament əməkdaşlığı üzrə komitəsinin keçmiş həmsədri kimi, həmin komitədən heç vaxt bu cür açıq-aşkar antierməni bəyanata rast gəlməmişdim. Hətta həmin komitənin sədrinin qatı azərbaycanpərəst mövqeyi ilə tanınan Sadjad Kərim olduğu vaxtlarda belə. Həmin bəyanatla bağlı Ermənistanda hakim çoxluğun siyasi komandasında hansısa başa düşülməyən və xaotik hərəkətlər müşahidə olunur, bu bəyanata görə günahkar axtarmağa çalışırlar. Amma həmin bəyanat diplomatik rüsvayçılıqdır, bizim bütün xarici siyasət korpusumuzun sərt məğlubiyyətidir. Bundan daha betər antierməni bəyanatı təsəvvür etmək çətindir”.O qeyd edir ki, Ermənistan daxilində mövcud vəziyyət fonunda ölkəni yeni belə diplomatik məğlibiyyətlər gözləyir: “Ermənistan hakimiyyəti bunlarla məşğul olmaq əvəzinə diqqətini “Çiçəklənən Ermənistan” Partiyasının lideri Haqik Tsarukyana yönəldib. Halbuki, bu durumda Azərbaycan Qarabağla bağlı yeni həmlələrə hazırlaşır. Amma hakimiyyət bunu görə bilmir”.
Əslində, ekspertlər də qeyd edir ki, Ermənistanda yaranmış və dərinləşəcəyi qaçılmaz görünən siyasi böhran Azərbaycanın maraqlarına uyğundur. Məsələ burasındadır ki, Ermənistanın sosial-iqtisadi sistemini və ictimai təhlükəsizliyini alt-üst edən koronavirus pandemiyası siyasi böhrana səbəb olub və baş verənlər ölkəni yaxın dövrdə yeni qarışıqlığın gözlədiyi versiyasını gücləndirir. Bu fonda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Haqik Tsarukyanın evini mühasirəyə alması və onun həbsinə gedən hazırlıq siyasi böhranın daha da dərinləşməsinə rəvac verir. Baş verənlər Ermənistanda ictimai, siyasi və iqtisadi münasibətləri alt-üst edib. İqtidara əks cəbhədə olan bütün siyasi qüvvələrin parlament müxalifətinin çətiri altında toplanması təhlükəsi hər keçən gün artır. Bu durumda Nikol Paşinyanın ona qarşı olanları güc yolu ilə susdurmaq cəhdləri vəziyyəti daha da ağırlaşdırır. Bu durumda Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dilemma dərinləşir. Belə ki, Bakı danışıqların konkret nəticələrə gətirib çıxmasında israr edir, beynəlxalq ictimaiyyət də İrəvana ünvanlanan konkret tələblər irəli sürür. Avropa Parlamentinin işğal altındakı ərazilərə dair son bəyanatı bunun bariz nümunəsidir. Daxildə çətin durumda olan Ermənistanın belə bəyanatlarln qarşısını almaq imkanları sürətlə tükənir. Bu halda Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində konkret nəticələrə doğru addımların atılması istiqamətində səylərini genişləndirir. Ermənistan hakimiyyəti də, müxalifəti də bu reallığı bilir. Amma bu vəziyyətdə onların Bakıya müqavimət imkanları da sıfıra bərabərdir. Belə vəziyyətdə Ermənistanın özündə etiraf edilir ki, Azərbaycan indi həm xaricdən Ermənistana qarşı təzyiqlərin artmasına və yeni sənədlərin qəbul olmasına çalışacaq, həm də hərbi müstəvidə təzyiqləri artıracaq. Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, indiki halda Azərbaycan bütün istiqamətlər üzrə mühüm üstünlüklərə malikdir:“Qarşı tərəfdə isə vəziyyət fərqlidir. Ermənistan heç bir zaman suveren dövlət olmayıb. İrəvanın xarici siyasətini isə həmişə Moskva formalaşdırıb. Ermənistanda baş verən son hadisələri və Moskvanın tədricən İrəvandan üz döndərməsini nəzərə alsaq, bu gün Azərbaycan üçün tarixi şans yaranıb”. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ məsələsini güc yolu ilə asanlıqla həll etmək imkanına sahib ordusu var:“Bakı bir hərbi əməliyyatla istədiyinə nail ola bilər. İndi yalnız Moskvanın müdaxiləsi ilə bağlı siyasi məsələləri həll etmək qalır. Ermənistan havadarlarının köməyinə ümid edirsə, Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana öz ordusundan başqa heç kim lazım deyil”. O qeyd edib ki, hərbi tərəfdaşlara və əsgərlərin tədrisi ilə bağlı təcrübə mübadiləsinə malik olan Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətini və ən çətin vəzifələrin yerinə yetirilməsinə hazırlığını daim artırır:“Hərbçilərin əsas şüarı var: təlimlər maksimum döyüş şəraitinə uyğun keçirilməlidir. Ən yaxşı təlimlər döyüş əməliyyatları ehtimal olunan yerlərdə aparılır. Azərbaycan Ordusu Qazaxıstan dağlarında da təlimlər keçirməyi planlaşdırır. Bu o deməkdir ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları Dağlıq Qarabağ dağlarında maksimum səmərəli fəaliyyət göstərməyə və ərazilərin azad edilməsi ilə bağlı qarşıya qoyulmuş mühüm tapşırığı həll etməyə hazırdır”. Belə bir vəziyyətdə işğalçı ölkənin indiki Qarabağ siyasətini davam etdirməsi isə mümkünz sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.