“Mən Bolqarıstan Respublikasının Sviştov şəhərində D.A.Tsenov adına Dövlət İqtisadiyyat Akademiyasının maliyyə bölməsi üzrə təhsil alan tələbəsiyəm.
Dünyanı cənginə almış koronavirusun (COVID-19) yayılması, sərhədlərin bağlanması səbəbindən və hazırda yaşadığım şəhərdə yeganə azərbaycanlı olduğumdan, bəzi maddi-mənəvi problemlərlə üzləşmək məcburiyyətində qaldım. Ancaq Sizin bu çətin zamanda bizimlə bağlı verdiyiniz göstəriş və tapşırıqlar həyatda öz əksini tapdı. Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi məni və mənim kimi tələbələri yalnız qoymayıb, dəstəyini bizdən əsirgəmədi. Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz”.
Bu fikirlər Bolqarıstan Respublikasının Sviştov şəhərində təhsil alan tələbə Elvin Cəmillinin Prezident İlham Əliyevə müraciətində öz əksini tapıb.
E.Cəmilli, həmçinin, ona göstərdiyi dəstəyə görə ölkə başçısına təşəkkür edir, Prezidentə cansağlığı arzulayır.
Baki-xeber.com