Avropa Parlamentinin Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərinə üçüncü yolu çəkmək planlarına qarşı sərt bəyanatı Irəvanda və separatçıların nəzarətində olan “DQR”-də şok effekti yaradıb.
Erməni KİV-nin verdiyi məlumata görə, erməni hüquq müdafiəçisi, keçmiş ombudsman Larisa Alaverdyan bunu “parlament diplomatiyasının tam iflası və Ermənistanın milli təhlükəsizliyini təhdid edən hadisə” adlandırıb.
Qondarma “DQR” adından da bununla bağlı bəyanat yayılıb. Saxta qurumun bəyanatında deyilir ki, güya Avroparlament nə vaxtsa “DQR”-in blokadasının yolverilməzliyi barədə qərar verib. Daha sonra bildirilir ki, güya bəyanata imza atan Avroparlamentin deputatları Azərbaycanın dostlarıdır və vaxtilə ölkəmizin dövlət mükafatlarına layiq görülüblər. Əslində bu saxta məlumatı biz heç şərh etməyə də bilərik. Çünki “DQR” adlı saxta qurumun legetimliyini dünyada heç kəs tanımır. Sadəcə, bu adla manipulyasiya edənlər KİV vasitəsilə ictimaiyyətə mənfi impulslar ötürməyə çalışırlar. Biz də bu saxta informasiya siyasətindəki yalan faktları ifşa etmək və insanların beynində yanlış təsəvvürlərin yaradılmasının qarşısını almaq üçün bu mövzuya toxunmalı olduq. Saxta “DQR” adından irəli sürülən bu fikirləri necə dəyərləndirmək olar?
“Ölkəmizin ərazi bütövlüyü artıq dünya ictimai rəyində, beynəlxalq təşkilatlarda heç bir etiraz və ya fərqli fikir doğurmur”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər son diplomatik məğlubiyyətləri ilə barışa bilmədikləri üçün dövriyyəyə belə şayiələr buraxırlar:“Həmin sənədə qol çəkənlər Avropa Parlamentinin qanunla təmsil olunan deputatlarıdır. Hərəsi də bir ölkə üzrə məruzəşidir. Sənədə, hətta Ermənistan üzrə məruzəçi də qol çəkib. Ermənilərdə həmin adamlarla bağlı belə məlumat vardısa, niyə indiyə qədər ictimailəşdirmirdilər, niyə həmin şəxsin ölkələri üzrə məruzəçi olmasına imkan veriblər? Deməli, ağ yalandır. Onların heç biri Azərbaycandan dövlət təltifi almayıb. Belə hal olsaydı, Avropa Parlamentinin özü onları bu mövzuya yaxın buraxmazdı. Saxta “DQR”–in blokadaya salınması ilə bağlı Avropa Parlamentinin hansısa sənədi qəbul etməsinə də mən rast gəlməmişəm. “DQR” Azərbaycanın öz ərazisində fəaliyyət göstərir. Əksinə, onlar bizim topaqları işğal altında saxlamaqla bizim öz ərazimizə tam nəzarət etmıəyimizə mane olurlar. Avropa Parlamentinin bu qərarından doğan acı nəticələri daxili auditoriyanın diqqətindən yayındırmaq üçün ermənilər belə yalanlar uydurmağa meyl edirlər.
Avropa Birliyi uzun müddətdir ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox pozitiv mövqe tutur. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ideyasını irəli sürür. Əlbəttə, bu bizim üçün çox əhəmiyyətli bir faktdır. Avropa Parlamentinin ərazi bütövlüyümüzlə bağlı qəbul etdiyi rəsmi sənəd, hətta mən deyərdim ki, bizim diplomatiyamızın böyük uğurudur. Bundan sonra ermənilər hər hansı qondarma uydurmalara əl ata bilməyəcək. Öz müqəddəratını təyin etmək kimi sərsəm fikirləri olmayacaq. Bu sənəd həm də Azərbaycanın hərb meydanında sərbəst hərəkətinə şərait yaradır. Ölkəmizin ərazi bütövlüyü artıq dünya ictimai rəyində, beynəlxalq təşkilatlarda heç bir etiraz və ya fərqli fikir doğurmur”.
Məhəmmədəli QƏRİBLİ