Zülfiyyə Eldarqızı: “Azərbaycanda Beynəlxalq Teatr Festivalının keçirilməsi teatrlarımız üçün yeni beynəlxalq əməkdaşlıqlara imza atmaq, müştərək layihələr işləmək, yaradıcılıq mübadiləsi həyata keçirmək və bununla da dünyada tanınmaq şəraiti yaradır”
Son illər ölkəmizin paytaxtının bir sıra beynəlxalq mədəni tədbirlərə evsahibliyi etməsinin çox maraqlı nəticələri var. Bu tədbirlər sırasında Bakıda keçirilən Beynəlxalq Teatr Festivalı da diqqəti çəkir.
Ölkəmiz tərəfindən təşkil edilən Beynəlxalq Teatr Festivalının milli teatrlarımızın dünyada tanınmasında, müxtəlif xarici teatrlarla əməkdaşlıq qurmasında nə kimi əhəmiyyəti var?
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, son illər milli teatrlarımızın hədəfi beynəlxalq aləmə çıxmaq, dünya teatrları ilə əməkdaşlıq qurmaqdır. “Azərbaycan indiyə qədər saysız beynəlxalq miqyaslı mədəniyyət tədbirinə evsahibliyi edib və bu tədbirlər sırasında Beynəlxalq Teatr Festivalı da var. İndiyə qədər ölkəmizdə həm dövlət, həm də müstəqil qurumların təşkilatçılığı ilə bir neçə Teatr Festivalı keçirilib. Bir çox cəhətdən bu festivalların əhəmiyyəti böyükdür. Birincisi, bu, çağdaş Azərbaycan teatrının mövcud simasını, səviyyəsini, repertuarını, həyata keçirdiyi yaradıcılıq siyasətini meydana çıxarır. Digər tərəfdən də teatrlarımız özündə bir məsuliyyət hiss edir və xaricdən gələn teatrların qarşısına daha sanballı repertuarla, daha peşəkar heyətlə çıxırlar.
Bu gün dünya teatrları tamam başqa şərtlərlə, yeni yaradıcılıq prinsipləri ilə işləyirlər. Deyərdim ki, beynəlxalq teatr aləmində tamamilə yeni estetika mövcuddur. Heç şübhəsiz ki, bizim teatrlar da bu yenilikləri əxz edirlər. Azərbaycanda Beynəlxalq Teatr Festivalının keçirilməsi teatrlarımız üçün yeni beynəlxalq əməkdaşlıqlara imza atmaq, müştərək layihələr işləmək, yaradıcılıq mübadiləsi həyata keçirmək və bununla da dünyada tanınmaq şəraiti yaradır. Teatrlarımız belə tədbirlər vasitəsilə dünyaya öz yaradıcılıq potensialını nümayiş etdirmək imkanı əldə edirlər” - deyə alim bildirdi.
Bu ilin 6-11 noyabr tarixlərində “Bakcell” şirkətinin dəstəyi və YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək II M.A.P. Beynəlxalq Teatr Festivalının əhəmiyyətini vurğulayan Z.Eldarqızı qeyd etdi ki, bu qurum indiyə qədər Azərbaycanda bir sıra beynəlxalq əhəmiyyətli mədəniyyət, incəsənət tədbirləri keçirib. O, bu tədbirlər sırasında Teatr Festivalının da olduğunu deyərək bildirdi ki, bu festival teatrlarımızın həyatında xüsusi rol oynayır.
Qeyd edək ki, özündə dünyanın müxtəlif teatrlarını birləşdirən builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.
İradə SARIYEVA