“Hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinin və elminin inkişafına hamilik edən Şirvanşahlar dövlətindən xalqımıza, dövlətimizə böyük irs miras qalıb. Tarixi dövlətlərimizdən biri olan və geniş ərazini əhatə edən Şirvanşahlar dövlətçilik ənənələrimizin formalaşmasında xüsusi rol oynayıb. Bu gün dünyanın müxtəlif muzeylərində qədim Azərbaycan dövlətlərinə, xanlıqlarına aid mədəni irs nümunələri saxlanır. O nümunələr müxtəlif yollarla xarici ölkələrə gedib çıxıb. Şirvanşahlara aid irs nümunələri də o muzeylərdə qorunub saxlanır və təqdim edilir. Son zamanlar Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni irsimiz geniş səviyyədə təbliğ edilir. Bu çox müsbət haldır.
Hazırda dünya muzeylərində saxlanan Şirvanşahlar dövlətinə aid irs nümunələrinin dünya muzeylərindən gətirilərək Bakıda nümayiş etdirilməsi, onların yenidən xalqımıza təqdim edilməsi çox müsbət haldır. Bu bizim tariximizə müsbət münasibətimizin, ona sahib çıxmağımızın təzahürüdür. Şirvanşahlara məxsus mədəni irsin paytaxtımızda sərgilənməsi dövlətimizin tarixi dövlətçilik irsinə böyük sayğısının gerçək göstəricisidir”. Bunu bizimlə söhbətində tanınmış etnoqraf-alim Ənvər Çingizoğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” beynəlxalq elmi konfrans çərçivəsində “Şirvanşahlar irsi dünya muzeylərində” adlı təşkil ediləcək sərgiyə münasibət bildirərkən deyib.
Ə.Çingizoğlu qeyd etdi ki, sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatların ziyarətçilərin ixtiyarına verilməsi çox müsbət haldır. Məlumatlara görə, sərginin əsas eksponatlarını İstanbul Əsgəri Muzeyi tərəfindən təqdim olunan maddi mədəniyyət nümunələri təşkil edəcək, həmçinin, Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunacaq.
İradə SARIYEVA