“Bu gün nəinki yeni oxumağa başlayan müğənnilərin, hətta cəmiyyətdə populyar olan bir çox müğənnilərin ifasında ciddi qüsurlar var. Müğənnilərin böyük əksəriyyəti ifa etdikləri mahnıların sözlərini təhrif edirlər. İstənilən ifaçı həm xalq, həm də bəstəkar mahnılarının sözlərini doğru-dürüst ifa etməlidir. Mən özüm yerli televiziya kanallarından birində musiqi proqram aparıram. Verilişə həm bölgələrdən, həm də paytaxtdan müğənnilər dəvət edirəm. Onların çoxunun ifasında, nitqində ciddi qüsurlar olması diqqətimdən qaçmır. Proqram canlı olduğu üçün, onların ifasını yarımçıq kəsə bilmirəm, amma veriliş bitəndən sonra iradımı bildirirəm. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun müğənnilərin ifasındakı qüsurların aşkara çıxarılması ilə bağlı həyata keçirdiyi monitorinqi dəstəkləyirəm. Bu monitorinq nəticəsində üzə çıxarılan qüsurlar müğənnilər tərəfindən anlayışla qarşılanmalı və onlar yol verdikləri qüsurları düzəltməlidirlər”.
Bunu “Bakı-Xəbər”ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq qrupunun musiqi ifaçılarının nitqində ədəbi dil normalarının gözlənilməsi ilə bağlı həyata keçirdiyi monitorinqə münasibət bildirərkən sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi, səhnə danışığı üzrə mütəxəssis Zülfiyyə Eldarqızı deyib.
Müğənnilərin ifası ilə bağlı monitorinqlərin 2018-ci ilin əvvəllərindən başlandığını qeyd edən Z.Eldarqızı bildirdi ki, hər bir musiqi ifaçısının nitqində ədəbi dil normaları gözlənilməlidir. O qeyd etdi ki, Azərbaycanın tanınmış müğənnilərinin ifasında da qüsurların müşahidə edilməsi acınacaqlı haldır. “O müğənnilərin adları mediada yayıldığı üçün buna toxunmaq istəmirəm. Ən azından onu demək istəyirəm ki, hər bir ifaçı Azərbaycan dilinin qayda-qanunlarına əməl etməlidir. Dilin yaşamasında tarixən sənət adamlarının, xanəndələrin, aşıqların böyük rolu olub. İstərdim ki, bu gün də onlar dilimizin qorunmasına töhfələr versinlər. Bizim bəzi müğənnilərdə belə bir xasiyyət var, onlar tutulan haqlı iradları “qərəz” adlandırıb, qüsurlarını düzəltmək istəmirlər. Bu monitorinqi dilçilik üzrə mütəxəssislər keçirib, yəni təsadüfi insanlar keçirməyib. Odur ki, hər kəs bu iradları normal qəbul etməli və mahnı mətnlərini doğru-düzgün öyrənməlidir. Bilirsiniz, müğənnilərin çoxu savadsızdır, kitab oxumurlar, qəzetdən-jurnaldan xəbərsizdirlər, mahnıları da ağızdan-ağıza öyrənirlər” - deyə alim bildirdi.
İradə SARIYEVA