Binəqədi rayonu A.Kunanbayev küçəsi 22 ünvanında paytaxt sakini X.Əhmədovaya qarşı quldurluq hadisəsi baş verib. Belə ki, naməlum şəxslər qadına binanın girişində hücum edərək onu bıçaqla qorxudub, boynundakı 40 qramlıq qızıl boyunbağısını ələ keçiriblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa zamanda saxlanaraq istintaqa təqdim edilib.
Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar qadını paytaxtda yerləşən iri ticarət mərkəzlərindən birində gördükdən sonra onu izləməyə başlayıblar. Binəqədi rayonu ərazisində isə ona quldur basqını edərək qızıl boyunbağısını ələ keçiriblər.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Ruslan və Nurlan Həsənzadələr barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirakı da istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi RPİ-yə müraciət edə bilər.