Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində polisin qanuni “ saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.
Belə ki, “Opel” markalı 99-HM-794 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları sürücüyə “saxla” əmri verib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən, yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai və yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olub. Avtomobilin sürücüsü, Bakı şəhər sakini Vəfadar Nəbiyevin həm də sərxoş olduğu müəyyən edilib.
Sürücü V.Nəbiyev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, toplanmış material Oğuz Rayon Məhkəməsinə göndərilib.