Xətai rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilib. Zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat nağd pul, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb.
Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanıb. Onlar ifadələrində oğurluq etdiklərini etiraf ediblər.
Xətai RPİ-də saxlanan şəxslərin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurladıqları məlum olub.
Qeyd edilən faktlarla bağlı saxlanan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.