Azərbaycanda il ərzində yumurtaya olan tələbatın 1,3 milyard ədəd olduğunu deyən A. Vəliyev bildirib ki, 3-4 ildir ki, yumurtaya olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir: "Təkcə bu ilin 11 ayında 1 milyard 500 milyon ədəd yumurta istehsal olunub. Xəbər yayılır ki, yumurta qıtlığı var. Harada? Bütün satış nöqtələri səhər-axşam yumurta ilə təmin olunur. Yumurta yaxşı satılır deyə, kimsə daha çox pul qazanmaq üçün yumurtanı gizlədir ki, ilin sonuna yaxın daha baha qiymətə satsın. Regionlarımız da yumurta ilə əvvəlki normadan iki dəfə artıq təmin olunur. Əvvəllər hətta yalvarırdıq heç yumurtanı götürmürdülər".
Cəmiyyət sədri bildirir ki, yerlərdə, xüsusilə Bakıda bəzi işbazlar ajiotaj yaratmaqla məşğuldur. "Gündə mənə şikayət xarakterli zənglər gəlir və insanlar deyir ki, mağazada yumurtanın qiyməti 15 qəpikdir. Satış nöqtələrinə yumurta 11 qəpikdən verilir və biz tövsiyə edirik ki, 13 qəpiyə satın. Mağazada 15 qəpiyə satılırsa, biz nə edək?" - deyə A. Vəliyev sual edir.