Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum – GECF) bərabərhüquqlu üzv qismində daxil olmağa tələsmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, indiki mərhələdə Azərbaycanın Forumda bərabərhüquqlu üzvlüyü ölkəyə heç nə verməyəcək: "Məsələ burasındadır ki, təşkilatın qərarı tövsiyə xarakteri daşıyır və qaz bazarına təsir etmək gücündə deyil".
Nazir qeyd edib ki, hazırda Foruma bərabərhüquqlu üzv olmağa ehtiyac yoxdur və Azərbaycan bu məsələ ilə bağlı tələsmir: "Gələn il Forumda müşahidəçi qismində iştirak edəcəyik, sonra isə gələcək statusla bağlı qərar verəcəyik".
Natiq Əliyev deyib ki, Azərbaycan OPEK-in dekabrda keçiriləcək iclasında heç bir sensasiyalı qərarlar gözləmir. Onun sözlərinə görə, neftin hasilat səviyyəsi baxımından da heç bir qərar gözləməyə dəyməz, çox güman ki, hasilat əvvəlki səviyyədə qalacaq: "Neftin qiymətini artırmaq üçün OPEK hasilatı azaltmalıdır, lakin bu baş vermir".
Nazir qeyd edib ki, Azərbaycan neft hasilatını azaltsa belə, bu, dünya bazarında qiymətlərə təsir etməyəcək: "Üstəlik, bu qərar "Azəri-Çıraq-Günəşli" yataqlar blokunu işlədən beynəlxalq şirkətlər konsorsiumu tərəfindən qəbul edilməlidir".