O qeyd edib ki, səfər çərçivəsində çox konstruktiv görüşlər keçirilib və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin müxtəlif məqamları müzakirə edilib: "Azərbaycanlı həmkarlarımızla prioritet sahələri və ölkələrimiz arasında ticari və iqtisadi əlaqələrin bundan sonra da genişləndirilməsi üçün mövcud potensialı müzakirə etmişik".
ABŞ-ın Avropa, Yaxın Şərq və Afrika regionu üzrə ticarət departamentinin katibinin köməkçisinin müavini Maykl Lalli isə Azərbaycan-ABŞ işgüzar görüşü çərçivəsində bildirib ki, ABŞ Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: "Azərbaycana səfər çərçivəsində missiyamızın iki əsas məqsədi var. Birincisi, ölkələrimiz arasında ticari və iqtisadi əlaqələrin inkişafında maraqlıyıq və hesab edirik ki, bunun üçün böyük potensial var. İkincisi, iki ölkənin özəl sektorları arasında əməkdaşlığı genişləndirmək istərdik. Bunun üçün bizimlə bərabər müxtəlif sahələrdə işləyən 15 Amerika şirkətinin nümayəndəsi də gəlib".
Onun sözlərinə görə, Amerika şirkətləri Azərbaycanın qeyri-neft sektorunda tikinti, sənaye, xidmət, bank və sığorta sahələrində təmsil olunub: "Bu, son 7 il ərzində ABŞ Ticarət Departamentinin nümayəndələrinin ən böyük səfəridir. Amerika şirkətlərinin nümayəndələri Azərbaycanda təqribən 100 görüş keçirəcək".