1 oktyabr 2015-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,730.9 milyon ABŞ dolları (7,054.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12.4 faiz təşkil edib. Trend-in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Borc vəsaitlərinin 8.0%-i 10 ilə qədər, 58.6%-i 10 ildən 20 ilə qədər, 33.4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
1 oktyabr 2015-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.0 faiz, avro – 20.3 faiz, yapon yeni – 2.6 faiz, İslam dinarı – 0.6 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz.