Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.
Trend AZƏRTAC-a istinadən məlumat verir ki, verilən tapşırıqlara uyğun olaraq, 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.