Müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı baş verən məsələlər ölkə iqtisadiyyatına mənfi təsir edir. O, müzakirələrdə iştirak edən maliyyə naziri S.Şərifovdan hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankının müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verdiyini soruşub: "Halbuki sadə vətəndaşlara kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edir".
S.Şərifov qeyd edib ki, ABB-nin sabiq rəhbərliyi tərəfindən ciddi səhvlərə yol verilib: "Bu səbəbdən də əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Düzdür, Beynəlxalq Bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Dövlət başçısı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması ilə bağlı fərman imzaladı və hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur".
Bundan başqa, müzakirələrdə nazir icbari tibbi sığorta məsələsinə toxunaraq deyib ki, gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlana bilər.
O, qeyd edib ki, bununla əlaqədar müvafiq qurumun yaradılması nəzərdə tutulur: "Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qanunvericilik bazası mövcuddur, amma bu istiqamətdə praktiki tədbirlər görülməlidir".