Gələcəkdə Azərbaycanın pensiya sistemi maliyyə çatışmazlığı ilə üzləşə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. O bildirib: "Aktuar araşdırmalar göstərir ki, Azərbaycanın pensiya-sığorta sistemi maliyyə davamlılığı ilə fərqlənsə də, perspektivdə sığorta prinsiplərini dərinləşdirməsək, ciddi maliyyə problemləri ilə üzləşə bilərik”.
E.Mehdiyev qeyd edib ki, Azərbaycanın pensiya-sığorta sisteminin icbari dövlət sosial sığortası ilə əlaqəsi olmayan çoxlu xərcləri var: "Unutmamalıyıq ki, icbari sosial sığorta üzrə ödənişlər edən vətəndaşlar müəyyən müddətdən sonra öz pensiyalarının arxasınca gələcəklər. Biz bu vəsaitləri dövlət büdcəsindən olan transfertlərlə yanaşı əhalinin pensiya təminatına göndəririk, məsələn, 1992-ci ilədək təyin edilmiş pensiyaların ödənməsi üçün əhalinin bəzi güzəştli kateqoriyasına. Belə xərclərin sosial sığortaya aidiyyəti olmasa da, biz bunun hamısını icbari sosial sığorta üzrə ödənişlərin hesabına toplanmış vəsaitlərdən maliyyələşdiririk”.