Türkiyə hökuməti "Türk axını” qaz kəmərinin tikintisinə dair saziş layihəsini Rusiya tərəfinə göndərib. APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib. T. Yıldız Türkiyənin təkliflərinin detallarını açıqlamayıb. O, son 5-6 ayda Rusiya qazının Türkiyəyə idxalında 8% azalma olduğunu da deyib.
Xatırladaq ki, iyul ayında "Reuters” Türkiyə rəsmi dairələrindəki mənbələrə istinadən qaz kəmərinin tikintisinə dair danışıqların dayandırılması barədə xəbər yayıb. Buna səbəb kimi qazın qiymətində endirim edilməsi məsələsində tərəflər arasında fikir ayrılığının olması göstərilib. Avqustun əvvəlində isə "İnterfaks” agentliyi "Qazprom”un "Türk axını” kəmərinin 4 qolu yerinə, 1 və ya 2 qolunu inşa etmək qərarına gəldiyi haqda xəbər yayıb. Ankara da məhz bu ölkəyə uzanacaq yeganə qolun tikintisində maraqlı olduğunu bəyan edib.