"The Economist” nəşrinin tədqiqat bölməsinin hesabatına əsasən, Avstraliyanın Melburn şəhəri II dəfə ən yüksək həyat səviyyəsinə malik şəhər adlandırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, Melburn 2010-cu ildə birinci pilləni tutub. İkinci pillədə Vyana (Avstriya), üçüncüdə Vankuver (Kanada) yerləşib. İlk onluqda Avstraliyanın 4 şəhəri (Melburn, Sidney, Adelaida, Pert), Kanadanın 3 şəhəri (Vankuver, Toronto, Kalqari), həmçinin Avstriya, Finlandiya və Yeni Zelandiya ölkələrinin paytaxt şəhərləri yer alıb.
"The Economist” nəşri, həmçinin 2010-cu ildən etibarən həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərin adını açıqlayıb: Harare (Zimbabve), Katmandu (Nepal), Dubay (BƏƏ), Varşava (Polşa), Əl-Küveyt (Küveyt), Qonolulu (ABŞ), Pekin (Çin), Bratislava (Slovakiya), Bakı (Azərbaycan), Nayrobi (Keniya).
Analitiklər ən yüksək həyat səviyyəsinə malik şəhərlərdən başqa, 5 il ərzində həyat səviyyəsinin ən çox aşağı düşdüyü şəhərlərin adını açıqlayıb. Dəməşq (Suriya), Kiyev (Ukrayna) və Tripoli (Liviya) şəhərlərində həyat səviyyəsi çox aşağı düşüb.