Azərbaycanın mobil operatoru "Azercell Telecom” MMC birtərəfli qaydada "Azerfon” MMC ("Nar Mobile" ticarət nişanı) ilə olan operatorlararası bağlantıya asimmetrik tariflərin tətbiqi ilə bağlı müqaviləni pozub. Bu barədə Trend-ə "Azercell Telecom”dan məlumat verilib.
Burada məsələ arabağlantılara dövlət tərəfindən müəyyənləşdirilən 0,02 manat qiymətdən gedir. Bu arabağlantıya görə, bir operator öz abunəçilərinin operatorlararası zənglərinə görə digərinə ödəniş edir. Bundan əvvəl Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorları tariflərin unifikasiyası barədə xəbərdar edərək arabağlantılar zamanı son dəqiqəyə görə tarifin 0,05 manatdan 0,02 manata endirildiyini bildirib.
Məsələ ondadır ki, "Azercell” arabağlantıların son dəqiqəsinə görə "Azerfon”a 0,05 manat ödəyir, digər tərəf isə bu ödənişi 0,02 manat tariflə həyata keçirir. Bu cür şərtlər isə "Azercell”in maliyyə maraqlarına cavab vermir.
Şirkətdən bildiriblər ki, bu məsələ ilə bağlı nazirliyə və "Azerfon” rəhbərliyinə də müraciət olunub, lakin problemin həlli üçün ortaq qərar əldə olunmayıb.