Yanvarın 4-də Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Təbii ki, bu da aqrar sahənin inkişafına səbəb olacaq. Həmçinin, bununla bağlı sahibkarlar üçün dəstək mexanizmi hazırlanacaq.
Vüqar Bayramov: “Subsidiya məbləğinin artırılması imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki...”
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, dizel yanacağının qiyməti bir neçə sektorda xərclərə birbaşa təsir göstərir. Onlardan birincisi kənd təsərrüfatıdır: “Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatında istifadə olunan texnikanın əhəmiyyətli hissəsi dizel yanacağından istifadə edir. İl yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Yaxşı olar ki, aqrar sektorda 2021-ci il üçün subsidiyaların məbləği hesablandığı zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın və həmin qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiya məbləği hesablansın. Bu zaman dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarına təsirlərini minimumlaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun”.
İlham Şaban: “...hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq”
İqtisadçı-ekspert İlham Şaban bildirdi ki, Tarif Şurasının qərarı bəzi sahələrə birbaşa, bəzi sahələrə dolayı yolla təsir edəcək. Onun fikrincə, benzinin və dizel yanacağının bahalaşması xüsusilə nəqliyyat, kənd təsərrüfatı sektorlarında əhəmiyyətli dərəcədə hiss olunacaq: “Bunu hökumətdə də etiraf edirlər və bildirirlər ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq”.
Günel CƏLİLOVA