Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business” hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.
Məlumat üçün qeyd edək ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press-relizdə bir sıra məqamlar yer alıb. Bildirilib ki, bir sıra üzv ölkələrin “Doing Business” hesabatındakı məlumatlarının bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanıb, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilib.
Ancaq Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənib.
Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib.
Göründüyü kimi, Azərbaycan 6 pillə irəliləyib. Ümumən bunu ekspertlər necə dəyərləndirirlər?
“Hesabatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun...”
Sözügedən məsələni şərh edən iqtisadçı-ekspert Tufan Məmmədovun fikrincə, aparılan islahatlar ilbəil Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına təsir edir: “Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Hesabatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. Yekunda “Doing Business” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda baza rolunu oynayır. Bu baxımdan “Doing Business” hesabatı üzrə mövqe digər ölkələr kimi, Azərbaycan üçün də əhəmiyyətlidir. Azərbaycanın hesabat üzrə ildən-ilə daha da yaxşılaşan mövqeyinə təsir edən faktorlara gəlincə, şübhəsiz ki, burada ölkədə aparılan hərtərəfli islahatların rolu böyükdür. Bununla da ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyişlər baş verib. Bundan əlavə, ölkə başçısının "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 13 iyul 2016-cı il tarixli Sərəncamından sonra bu sahədə kompleks tədbirlərin görülməsinə başlanıb. Hər iki amil nəticəsində "Doing Business 2015" hesabatında 189 dövlət arasında 80-ci yerdə qərarlaşan ölkəmiz 2016-cı il hesabatında 63-cü, 2017-ci il hesabatında 65-ci, 2018-ci il hesabatında 57-ci, 2019-cu il hesabatında isə 25-ci olub”.
İqtisadçı-ekspert hesab edir ki, Azərbaycanın mövqeyi ilbəil yaxşılaşır.
Vidadi ORDAHALLI