Azərbaycanda ixrac üçün potensial sahələrdən biri də fındıqçılıqdır. Lakin fındıqçılığın inkişafına mane olan bir sıra amillər var ki, ildən-ilə potensialı da müəyyən qədər azaldır.
Açıqlanan son statistik rəqəmlər əsasən, fındıq ixracı azalıb. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 67,379 mln. ABŞ dolları dəyərində 10 713,21 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib ki, bu da illik müqayisədə müvafiq olaraq 23,3% və 32,8% azdır. Qeyd edək ki, Azərbaycandan fındıq ləpəsinin əsas idxalçıları Rusiya, İtaliya və Almaniya olub. Hesabat dövründə ölkə Rusiyaya 33,734 mln. dollar dəyərində 5 675,83 ton təmizlənmiş fındıq ixrac edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 18,9%, həcm ifadəsində isə 30,4% azdır.
İtaliya Azərbaycandan bu ilin doqquz ayında 14,855 mln. dəyərində 2 122 ton fındıq ləpəsi idxal edib ki, bu da müvafiq olaraq 44,3% və 52,2% azdır.
Almaniyaya gəldikdə, Azərbaycan sözügedən ölkəyə 7,897 mln. dollarlıq 1 100,45 ton ləpə tədarük edib, bu da illik müqayisədə müvafiq olaraq 30,9% və 43,1% azdır.
“Avropaya ixrac olunan fındığın standartlara uyğun gəlməməsi, bəzi xəstəliklərin aşkarlanması bu işi axsadan əsas amillərdən biridir”
Fındıq ixracının azalmasının səbəbini öyrənmək üçün mütəxəssislərlə həmsöhbət olduq.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda fındıqçılığın çox böyük perspektivləri var: “Bu sahəyə doğru-düzgün yanaşma olsa, təşviq proqramları daha geniş yayılsa, Azərbaycan ixracat potensialını və həcmini artıra bilər. Bu gün də fındıqçılıqda bəzi problemlər var. Xüsusən Avropaya ixrac olunan fındığın standartlara uyğun gəlməməsi, bəzi xəstəliklərin aşkarlanması bu işi axsadan əsas amillərdən biridir. Bu səbəbdən aqrotexniki qaydalara daha ciddi əməl edilməlidir".
Həmsöhbətimizin sözlərinə görə, qablaşdırma ilə bağlı problem var: “Azərbaycan daha müasir qablaşdırma metodundan istifadə edərək topdansatış kimi yox, artıq qablaşdırılmış formada, istər ləpəli, istərsə də qabıqlı şəkildə ixrac edərək xarici bazarlara çatdırmaq haqda da düşünə bilər. Aqrotexniki qaydalara, müasir texnologiyalara uyğun olaraq aqrar sahəyə də müasir yanaşma olmalıdır. Fındıqçılıqda da ən böyük problem məhz burdan qaynaqlanır”.
Ekspert onu da vurğuladı ki, məhsuldarlığın az olması ixracata daha ciddi təsir göstərib. Məhsuldarlığın azalması səbəblərindən biri aqrotexniki qaydalara elmə əsaslanaraq əməl edilməməsidir.
Günel CƏLİLOVA