Məlum olduğu kimi, Rusiya dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) qəbul edib. Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər.
Belə olan halda, tonlarla pomidor istixanalarda və anbarlarda qalıb. Qərb bölgəsində istixana şəraitində pomidor əkini ilə məşğul olan təsərrüfat sahibləri məhsullarını nə ixrac edə, nə də daxili bazarlarda sata bilirlər. Səbəb isə yerli bazarlarda tələbatın və alış üçün təklif olunan qiymətin az olmasıdır. Bununla yanaşı, məhsulun xarici bazarlara çıxa bilməməsi də sahibkarları məyus edib.
Hər il yeni il öncəsi məhsullarının böyük hissəsini Rusiya bazarlarında satan fermerlər mövcud vəziyyətdə almanın xarab olacağından narahatdırlar.
Fermerlər bildirirlər ki, indiki halda məhsulun müəyyən hissəsini yerli bazarlara çıxarırlar. Lakin yerli bazarlardakı qiymət onları qane etmir.
Onu da qeyd edək ki, hələ də istixanalarda yetişməkdə olan tonlarla məhsul var. Baş verən hadisələrə baxmayaraq, bazarlarda və satış obyektlərində isə fərqli mənzərə müşahidə olunur. Belə ki, yerində 20 qəpiyə alınmayan pomidor həm rayon, həm paytaxt bazarlarında alıcılara 70 qəpik - 2 manat arasında təklif olunur.
Ekspertlər hesab edirlər ki, belə olan halda, daxili bazarda pomidorun qiyməti bir az da artacaq.
“Satıcılar yeni il qabağı daha artıq qazanc əldə etmək üçün pomidoru yüksək qiymətə təklif edirlər”
İqtisadçı-ekspert Ruslan Atakişiyevin sözlərinə görə, bu artım pərakəndə satış nöqtələrində 2 dəfə, market və supermarketlərdə isə 50 faiz olacaq: “Satıcılar yeni il qabağı daha artıq qazanc əldə etmək üçün pomidoru yüksək qiymətə təklif edirlər. Ancaq bu artım müvəqqəti dövr üçündür”.
Həmsöhbətimiz hesab edir ki, ilin sonunda, dekabr ayında Azərbaycanın ixracatı həmişə artırdı. Çünki Rusiyada Yeni il bayramı uzunmüddətlidir, 10 gün bayram tədbirləri keçirilir və istehlak kəskin artır. Azərbaycan hökuməti bu kimi risqləri nəzərə alaraq, alternativ bazarlara çıxış imkanı əldə etməlidir: “İndi danışıqlar gedir, ümid edirik ki, yeni ilə qədər müsbət nəticə əldə olunacaq. Əks halda, bir aylıq qadağa nəticəsində iqtisadiyyatımızda 25 milyon dollarlıq axsamalar qaçılmaz olacaq”.
Günel CƏLİLOVA