Bu il pandemiya ilə əlaqədar olaraq istər dünya, istərsə də MDB ölkələrində sənaye məhsulu istehsalının azalması 8-10 faiz arasında dəyişir. Elə ölkələr var ki, orada azalma 10 faizdən çoxdur. Azərbaycanda isə sənaye istehsalında azalma vur-tut 4,7 faiz olub ki, o da neft-qaz sektorunda qeydə alınıb.
Məsələ ondadır ki, Azərbaycanda bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 33,7 milyard manatlıq məhsul istehsal edilib. Nəticədə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4 faiz azalması hesabına baş verib. Ancaq bundan fərqli olaraq, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,4 faiz artıb. Məlumata görə, sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Göründüyü kimi, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda ümumi sənaye istehsalında qeydə alınan azalma elə də böyük deyil. Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı artıb. O baxımdan bu üstünlüyün səbəbini ekspertlər necə dəyərləndirirlər?
“Hədəfimiz ölkə iqtisadiyyatının neftdən asılılığını aaşağı salmaq və real sektorun sürətli inkişafını təmin etməkdir”
Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov Azərbaycanın bu sahədə əldə etdiyi üstünlüyü bir sıra faktorlarla əlaqələndirdi: “Məsələ ondadır ki, Azərbaycan sənaye sektorunda istehsalı dayandırmadı. Dövlət müxtəlif formada bu sahəyə dəstək verdi. Bütün bunlar ona gətirib çıxardı ki, sənaye istehsalında kəskin azalma baş vermədi. Bütövlükdə, bu gün bütün dünya iqtisadiyyatı resessiya dövrünü yaşayır. Azərbaycan iqtisadiyyatı da bundan kənarda qala bilməzdi. Çünki dünyada gedən iqtisadi proseslər bu və ya digər dərəcədə bizə də təsir göstərir. Gələn ilin əvvəli mövcud problemin çözülməsinin birinci mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Hesab edirəm ki, ondan sonra həm dünya iqtisadiyyatında, həm də dünya iqtisadiyyatının bir parçası olan Azərbaycanda müəyyən irəliləyişlər baş verəcək. İlk növbədə biz qeyri-neft sektorunda böyük artımlar gözləyirik. Çünki real sektorun inkişafı ilə bağlı çox böyük qərarlar qəbul olunub. Əsas hədəfimiz ölkə iqtisadiyyatının neftdən asılılığını aşağı salmaq və real sektorun sürətli inkişafını təmin etməkdir”.
Professorun fikrincə, qeyri-neft sənayesində qeydə alınan artım onu deməyə əsas verir ki, postpandemiya dövründə iqtisadi artım böyük olacaq.
Vidadi ORDAHALLI