Gözlənilməz olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycanda martın əvvəlindən indiyədək təxminən 80 min yeni iş yeri açılıb. Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən "KPMG Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan "Azərbaycanda Xarici Biznes-2020" hesabatının rəsmi təqdimatında deyib.
Nazirin sözlərinə görə, açılan yeni iş yerlərinin 15%-dən çoxu özəl sektorun payına düşür.
Qeyd edək ki, pandemiya ilə bağlı əksər ölkədə iş yerləri bağlanır. Belə olan halda, işçilər işsiz vəziyyətdə çarəsiz qalırlar.
Ancaq pandemiya ölkəmizin işgüzar mühitinə ciddi təsir etməyib. Belə ki, cari il ərzində ölkədə 80 min iş yeri açılıb. Bu da olduqca böyük rəqəmdir.
“Dövlət maraqlıdır ki, yeni iş yerləri açılsın və o üzdən, bununla bağlı lazım olan bütün addımları atır”
Məsələyə münasibət bildirən iqtisadçı Fuad İbrahimli qeyd etdi ki, Azərbaycanın üstünlüyü bir sıra səbəblərlə bağlıdır: “Azərbaycanda digər ölkələrlə müqayisədə daha az iş yerinin bağlanması görülən bir sıra qabaqlayıcı tədbirlərlə bağlıdır. Bu onunla bağlıdır ki, ölkəmizdə özəl sektora dövlət dəstəyi daha mükəmməldir. Yəni bu sahədə dəstək daha genişmiqyaslıdır. Eyni zamanda, dövlət tərəfindən dəfələrlə sahibkarlara tövsiyə edilib ki, çalışın iş yerlərini ixtisar etməyin. Bunun sayəsində biz tək iş yerlərini qorumuruq, həmçinin, biznesi qoruyub saxlayırıq. Yeni iş yerləri açılır. Biznesin qorunması postpandemiya dövrü üçün mühüm əhəmiyyət kəsb edir. Çünki biznes fəaliyyətini dayandırsa, postpandemiya dövründə onu hərəkətə gətirmək çox çətin olacaq. Bax, bu səbəbdən də iş yerlərinin qorunub saxlanması lazımdır ki, bunu da iş adamları başa düşürlər. Bununla belə, onlar dövlətin həm vergi, həm birbaşa maddi güzəştlərindən və digər bu səpkili yardımlarından faydalanırlar. Bununla həm işçilərin minimal əməkhaqqını ödəyirlər, həm də iş yerlərini ixtisar etmirlər. Bütün bunların sayəsində biznes nəfəs ala bilir və özünü postpandemiya dövrünə qoruyub saxlayır. Bax, budur əsas məsələ. Ona görə də bizdə iş yerlərinin bağlanması elə də böyük rəqəmlərlə ölçülmür. Dövlət maraqlıdır ki, yeni iş yerləri açılsın və o üzdən, bununla bağlı lazım olan bütün addımları atır. O baxımdan hesab edirəm ki, bütün bunlar Azərbaycanın üstünlüyüdür”.
Həmsöhbətimiz hesab edir ki, bu kimi addımlar həm də işsizlərin sayının artmasının qarşısını alır.
Günel CƏLİLOVA