Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib. Bu, Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunub ki, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5%, əvvəlki ilin noyabr ayına nisbətən 102,4% təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunduğu kimi, bu ilin 11 ayında inflyasiya cəmi 2,8 faiz təşkil edib. O cümlədən, ərzaq malları 5 faiz bahalaşıb. Onu da qeyd edək ki, son zamanlar bəzi iqtisadçılar baş verən hadisələrin nəticəsində devalvasiya risqinin olduğunu iddia edirlər. Maraqlıdır, devalvasiya barədə gözləntilərin ciddi əsasları ola bilərmi?
“...növbəti dövrdə ərzaq məhsullarının qiymətlərinin optimallaşdırılması əsas hədəf olmalıdır”
İqtisadçı, deputat Vüqar Bayramov bildirdi ki, DSK-nin məlumatları ötən müddətdə qiymət artımlarının daha çox ərzaq məhsullarını əhatə etdiyini göstərir: “Ümumi qiymət artımı 2.8 faiz olmuşdusa, ərzaq məhsullarında qiymət artımları iki dəfə çox olub. Ərzaq məhsullarının tərkibinə diqqət yetirsək, qida məhsullarında qiymət artımı təxminən ərzaq məhsullarında olduğu qədər, 4.6 faiz olub. Daha çox artım tütün məhsullarında, 16 faizdən çox olub. Nəzərə almaq lazımdır ki, əsasən ərzaq məhsullarının qiymətinin artımı ümumi qiymət artımına təsir göstərir. Xüsusilə də istehsalat bazarında qiymətlərin qeyri-ərzaq məhsulları ilə müqayisədə daha çox artdığını nəzərə alsaq, növbəti dövrdə ərzaq məhsullarının qiymətlərinin optimallaşdırılması əsas hədəf olmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, devalvasiya birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır: “Çünki Azərbaycan üzən məzənnə siyasətinə keçidi elan etsə də, Mərkəzi Bank keçidi reallaşdırmayıb. O baxımdan məzənnəyə birbaşa təsir edən tərəf Mərkəzi Bankdır. Gələn il də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşməsində həlledici olacaq”.
Günel CƏLİLOVA