Son illər bank sektorunun vəziyyəti yaxşılaşmaq əvəzinə, daha da pisləşir. Bu hal özünü daha çox cari ildə göstərdi. Məlum koronavirus infeksiyasına görə bir sıra iş yerləri bağlandı.
Təbii ki, bu hal da kredit ödənişlərinə təsir etdi. Kredit ödənişinin azalması bank sektorunun vəziyyətinin ağırlaşmasına səbəb olur. Açıqlanan statistik rəqəmlərə əsasən, bank sektorunda yaşanan böhran nəticəsində 924 nəfər işsiz qalıb.
“Bank filiallarının sayı 509-dan 444-ə, şöbələrinin sayı isə 133-dən 116-ya düşərək 924 bank işçisi işini itirib”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Samir Əliyev qeyd etdi ki, cari ilin 10 ayı ərzində Azərbaycanda bank sektorunda bir sıra problemlər baş verib: “Məlumat üçün bildirim ki, bu il 4 bank bağlanıb. Beləliklə, bankların sayı azalaraq 30-dan 26-ya düşüb. Bağlanan bankların 2-si xarici, 2-si də yerli kapitallı banklardır. Həmçinin, bank filiallarının sayı 509-dan 444-ə, şöbələrinin sayı isə 133-dən 116-ya düşüb. Bu sahədə görülən işlər sayəsində 924 bank işçisi işini itirib. Beləliklə, bank işçilərinin sayı 19460-dan 18536-ya enib”
Həmsöhbətimiz onu da əlavə etdi ki, bank aktivləri 32,7 milyarddan 30,7 milyarda qədər azalıb. Bank aktivlərinin azalmasının səbəbi isə məlum 4 bankın bağlanmasıdır.
Ekspert cari il ərzində kredit qoyuluşunun 3,2 faiz azaldığını da vurğuladı: “Bankların müştərilərə verdikləri kreditlərin həcmi 15,2 milyarddan 14,7 milyarda qədər azalıb. Kredit resurslarının cəmi aktivlərdə payı 46,5%-dən 48%-ə yüksəlib. Onu da qeyd edim ki, bankların qiymətli kağızlara yatırımları 3,3 milyarddan 4,3 milyarda yüksəlib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1,5 milyardlıq məqsədli ehtiyatlar cəmi 182 milyon azalıb. Ümumi depozit qoyuluşu 8,7% azalıb. Bankların depozitlərdən asılılığı azalıb. Cəlb edilən resurslarda depozitlərin payı 80%-dən 78,7%-ə düşüb. Təbii ki, bu kimi amillər bank sektorunun ümumi vəziyyətinin pisləşməsinə səbəb olub”.
Günel CƏLİLOVA