“Fermerlərimizin qarşılaşdığı çətinliklərdən biri də əkin mövsümü dövründə kiçikhəcmli kredit mənbələrinə çıxışın məhdud olmasıdır. Çünki banklar, əksər hallarda, güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. Ancaq Sizin bir neçə gün əvvəl imzaladığınız fərmana əsasən, fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb”. Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev ötən həftə aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar fərman imzalayıb. Fərmana əsasən, fermerlərin kredit almaq imkanları artıq asanlaşdırılacaq. Bundan sonra fermerlər banklara güzəştli kredit almaq üçün müraciət edəndə onlardan paytaxt Bakıda daşınmaz əmlak tələb edilməyəcək.
“…əsas istiqamətlərdən biri fermerlərin bank üçün yarada biləcəyi risqləri dövlətin qismən qarşılamasıdır”
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirdi ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə imzaladığı fərman aqrar sahənin dirçəlməsinə səbəb olacaq: “Dövlət başçısının aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı fərman fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq. Yeni mexanizm fermerlərə girovsuz mikrokreditlər vermək imkanı yaradır. Məlumdur ki, kənd təsərrüfatı sahəsində çalışan fermerlərin təxminən 80 faizi kiçik və orta ailə-kəndli təsərrüfatlarına aid edilən fermerlərdir. Onların istifadəsində, ümumilikdə, 230 min hektar torpaq sahəsi var. Bu fermerlərin maliyyəyə çıxışı əsasən dövlət tərəfindən onlara ayrılan subdsidiyalar, güzəştli kreditlər və müxtəlif banklar tərəfindən təqdim olunan kommersiya kreditləri formasındadır. Ümumi mənzərəyə nəzər yetirdikdə görürük ki, bu sahədə təxminən 60 milyonluq bir kredit portfeli var və bu kateqoriyadan olan fermerlərə, ilindən asılı olaraq, 40-45 milyonluq subsidiya verilir. Lakin ümumi mənzərəyə baxdıqda görürük ki, fermerlərimizin əlavə olaraq 140 milyonluq vəsaitə ehtiyacı var. Bu ehtiyac yeni yaradılmış maliyyə instrumentləri vasitəsilə maliyyələşdirilə bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar üçün bu məhsulu cəlbedici edən əsas istiqamətlərdən biri fermerlərin bank üçün yarada biləcəyi risqləri dövlətin qismən qarşılamasıdır: “Banklara ucuz vəsaitə çıxış verilməsi, risqlərin dövlət tərəfindən qismən qarşılanması bu məhsulu həm banklar, həm fermerlərimiz üçün cəlbedici edir. Eyni zamanda, hesab edirik ki, bu mexanizm fermerlərimizin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə atrıracaq".
Günel CƏLİLOVA