Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutması da deyilənlərin bariz nümunəsidir.
Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində böyük uğurlar əldə edilib. Buna səbəb həyata keçirilən dərin aqrar islahatlar və sahəyə mütəmadi verilən dövlət dəstəyidir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan dövləti dünyada fermerlərə ən çox dəstək verən ölkədir. Bu səbəbdən də ölkəmizdə keçən il kənd təsərrüfatında məhsul istehsalı 14 faizdən çox artıb.
Dünya Bankının yeni proqnozuna əsasən, Azərbaycanda bu il kənd təsərrüfatı sektoru 5,5% artacaq. Qeyd olunur ki, 2021-ci və 2022-ci illərdə artım bu sektorda dəyişməz olaraq 5,4% səviyyəsində olacaq. Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda kənd təsərrüfatı sektoru 7,2% artıb və 7 836,7 mln. manatlıq məhsul istehsal edilib.
“İlin sonuna kimi kənd təsərrüfatı sektorunda artım qeydə alına bilər”
Bu il Azərbaycanın kənd təsərrüfatında istehsalın 5 faiz artacağına münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirdi ki, aqrar sahədə qeydə alınan göstəricilər ötən ilə yaxındır: “Bu hal daha çox özünü pambıqçılıqda göstərir. Baramaçılıqda isə vəziyyət pandemiya ilə bağlı fərqlidir. Ötən il 700 tona yaxın barama istehsal olundu. Bu il karantinlə bağlı baramada ötənilki nəticənin qeydə alınıb-alınmayacağı sual doğurur. Payızlıq əkin sahələri də ötənilki kimidir. İlin sonuna kimi kənd təsərrüfatı sektorunda artım qeydə alına bilər”.
Günel CƏLİLOVA