Hazırda əhalini narahat edən və maraqlandıran əsas məsələlərdən biri də banklara olan kredit borclarının taleyidir. Məsələ ondadır ki, koronavirus pandemiyası bütün dünyaya təsir etdiyi kimi, Azərbaycana da təsirsiz ötüşmür. Çünki həm karantin rejiminin tətbiqi və getdikcə sərtləşdirilməsi, həm də bir sıra iş yerlərinin bağlanması səbəbindən vətəndaşlar çətin vəziyyətlə üzləşiblər.
Belə vəziyyətin nə vaxta qədər davam edəcəyini konkret məlum deyil. Heç kim sabah nə olacağını, vəziyyətin nə zaman yoluna düşəcəyini bilmir. Əhalinin dövlət qurumlarında işləyən hissəsi maaşını alır, amma özəl sektor və ya günəmuzd işləyənlər çalışa bilmirsə, onların kredit ödəməsində problem yaranır. O baxımdan banklar güzəştə getməlidirlər.
Koronavirus pandemiyasından əziyyət çəkən əksər ölkədə banklar fiziki şəxslərin və biznes kreditlərinin ödənişlərində bir neçə aylıq fasilə tətbiq edirlər. Baxmayaraq ki, Azərbaycan hökuməti bankların tənzimləyici orqan olan Mərkəzi Banka bu il üçün nəzərdə tutulan ödənişlərini ləğv edib, sektordan müştərilərə yönəlik hansısa güzəşt addımlarının atılması istiqamətində heç bir təşəbbüs nəzərə çarpmır. Belə bir qeyri-müəyyən vəziyyətdə bankların öz müştəriləri ilə əvvəlki kimi davranmaları və borclarını vaxtında ödəmələrini tələb etmələri təəccüb doğurur. Sanki bir belə baş verənlərin banklara heç bir aidiyyəti yoxdur. Vətəndaşların müraciətlərinə, səslənən çağırışlara baxmayaraq, banklar xüsusi karantin rejimi dövründə əhalinin banklara olan kredit borclarını dondurmaq istəmirlər. Hətta ipoteka krediti götürənlərdən belə, ödəniş tələb edirlər. Bu arada, Milli Məclisdə hökumətin keçənilki fəaliyyət hesabatı müzakirə olunarkən deputatlar da bankların vətəndaşlara müəyyən güzəştlərə getməsinin zəruri olduğunu bildiriblər.
“...banklar güzəştə gedib kredit borclarını dondurmalıdırlar”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, indiki vəziyyətdə bankların müştərilərdən kredit borclarına görə ödəniş tələb etmələri doğru deyil: “Nəinki ipoteka, digər kreditlərlə bağlı ödənişlərin edilməsinin tələb edilməsi düzgün deyil. Şəxs işləyə bilmirsə və bu gün, yaxşı mənada, evdə qalmaq prinsipinə əməl edərək karantin rejiminə əməl edirsə, gəlir əldə etmirsə, o zaman banklar bunu başa düşməlidirlər. Bankın müştərisi bu gün məlum səbəblərdən fəaliyyət göstərə bilmirsə, o zaman krediti necə ödəyə bilər? Ona görə də, birmənalı olaraq, banklar güzəştə gedib kredit borclarını dondurmalıdırlar. İndiki situasiyadan ödənişlərlə bağlı tələblərlə çıxış etmək ədalətli deyil. Vəziyyət düzələndən sonra istər fiziki, istərsə də hüquqi şəxslər üzərlərinə düşən öhdəlikləri yerinə yetirəcəklər. Müəssisələr, sahibkarlar öz fəaliyyətini davam etdirib gəlir əldə edəcəklər. Ondan sonra öz bank öhdəliklərini yerinə yetirəcəklər və proses, əvvəlki kimi, öz axarı ilə davam edəcək. O cümlədən, ipoteka krediti götürənlər də ödəniş edəcək. Söhbət indiki vəziyyətdən gedir. Yəni karantin dövründə hüquqi və fiziki şəxs işləmirsə, gəlir əldə etmirsə, o zaman onlara güzəşt edilməlidir”.
Vidadi ORDAHALLI