İdmançılarımızın növbəti uğurlu çıxışı – bu dəfə Ukraynada…

Azərbaycan idmançıları dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirir. Belə nailiyyətlərdən biri may ayının əvvəlində Ukraynanın Xarkov şəhərində Kempo-Karate və Kobudo döyüş növləri üzrə keçirilən dünya çempionatında olub. Yarışda ölkəmizi Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri İdman Federasiyasının prezidenti, IX dan qara kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərliyi altında federasiyanın 36 idmançıdan ibarət yığma komandası təmsil edirdi. 17 ölkədən idmançıların mübarizə apardığı turnirdə komandamız növbəti dəfə onlara göstərilən etimadı doğruldaraq, çempionatı ilk pillədə başa vurub. Ukrayna 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub. Turnirdə ölkəmizin hesabına Hüseynov Pərviz, Əhmədov Yusif, Məstiyev Samir, Mahmudov Elçin, Səfərov Söhrab, Allahverdiyev Məhəmməd, Əli və Cavid Abdullazadələr, Dadaşov Saməddin, Davudzadə Həsən, Quliyev Tuncay, Məmmədli Kənan, Kazımov Ramin, Məmmədli Abdulsəid, Nurizadə Emin, Quliyev Sübhan, Həşimzadə Dilavər, qızlardan Tahirova Fatimə,
Salmanlı Zəhra qızıl medal, Orucov Məhəmməd, Quliyev Tural, Tahirov Fateh və adlarını sadalaya bilmədiyimiz idmançılarımız gümüş və bürünc medallar gətiriblər. Bir nəfər idmançımız – Məmmədov Azad isə Dünya Kəmərinin sahibi olub. Umumilikdə idmançılarımız Vətənə 19 qızıl, 9 gümüş, 6 bürünc medalla dönüblər.
İdmançılarımıza növbəti yarışlarda bol-bol uğurlar arzu edirik.