Martın 15-də Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.
Forumda, həmçinin, Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edir.
Əvvəlcə birgə foto çəkdirilib.
Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.
Prezident İlham Əliyev tədbirdə nitq söyləyib.
Sonra Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxış edib.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, İsmail Serageldin Roma Papası Fransiskin, Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall Baş nazir xanım Vlorika Dansilanın, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai baş katib Antonio Quterreşin müraciətlərini oxuyub.
Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edib.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideya və dəyərlərinin təbliğində xüsusi fəallığı ilə seçilən şəxslərə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib.
Birinci xanım Mehriban Əliyeva çıxış edərək, bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirib.
Beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsindəki xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə İordaniya Kralı II Abdullahın təltif olunduğu elan edilib və mükafat Kral ailəsinin üzvü Rad Bin Al Huseynə təqdim olunub.
Humanitar və mədəni dəyərlərin təbliğindəki töhfələrinə görə ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə təltif olunub.
Açılış mərasiminə yekun vuran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıb.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq.
Qlobal Bakı Forumu qısa müddət ərzində qlobal gündəlikdə olan vacib məsələlərin həlli üçün çox mühüm platformaya çevrilib. “Trend”in məlumatına görə, bunu Prezident İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Bizim qonaqlarımız arasında 15-dən çox ölkədən 450-dən artıq nümayəndə var. Onların sırasında 47 fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, aparıcı siyasətçilər, dövlət xadimləri, ziyalılar və vətəndaş cəmiyyətinin üzvləri var. Əminəm ki, Forumun gedişində beynəlxalq münasibətlərin gündəliyində duran məsələləri geniş şəkildə müzakirə edəcəyik. Həmçinin əminəm ki, dünyada təhlükəsizliyin, sabitliyin və gözləntilərin təmin edilməsi və əməkdaşlıq üçün mühüm tövsiyələr irəli sürüləcək".
İlham Əliyev bildirib ki, artıq Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilib: “Onların arasında ənənəvi Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu var”.
Prezident həmçinin xatırladıb ki, Azərbaycanda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları keçirilib: “Bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər yaradır, müxtəlif ölkələrin nümayəndələri, müxtəlif dinlər və baxışlar arasında daha çox qarşılıqlı anlaşma yaradır”.
Dövlət başçısı əlavə edib ki, bu il BMT tərəfindən tam dəstəklənən və Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında unikal əməkdaşlıq platforması olan "Bakı Prosesi"nin 10-cu ildönümü qeyd olunur: “Azərbaycan hər iki beynəlxalq təşkilatın üzvü kimi 2008-ci ildə Bakıda bu qurumların üzv ölkələrinin mədəniyyət nazirlərinin görüşünü təşkil etmişdi. Hazırda "Bakı Prosesi" beynəlxalq təşkilatlar, eləcə də xalqlar arasında daha yaxşı anlaşmanın təmin olunmasına yönəlmiş geniş fəaliyyət dairəsini əhatə edir”.
Prezident İlham Əliyev qeyd edib ki, bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi dinc və ləyaqətlə yaşayır: “Fikrimcə bu, müasir dünyada çox qiymətli keyfiyyətdir. Biz həm də öz təcrübəmizi bölüşmək istəyirik və mən hesab edirəm ki, müasir Azərbaycanın bugünkü inkişafı onu göstərir ki, bu, yeganə düzgün siyasətdir”.
Prezident deyib ki, inklüziv cəmiyyət hazırda qlobal gündəlikdə dayanan məsələlərdən biridir: “Əlbəttə, bizim bütün səylərimiz bütün dünyada, xüsusilə də regionumuzda ehtiyac olan təhlükəsizliyin təmin olunmasına yönəlib”.
İlham Əliyev bildirib: “Təəssüf ki, Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə və işğala məruz qalıb, bu ölkə Azərbaycan ərazilərinin təqribən 20 faizini işğal edib. Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".
Dövlət başçısı xatırladıb ki, Ermənistan hərbi cinayət – Xocalı soyqırımını törədib: “Bu soyqırım 10-dan çox ölkə tərəfindən tanınıb. Xocalıda qətliam nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 1000-dən çox şəxs itkin düşüb".
Prezident vurğulayıb ki, bu cinayət insanlıq əleyhinə yönəlib və Azərbaycana qarşı təcavüz siyasətinin bir hissəsi olub: “Dağlıq Qarabağ bizim qədim torpağımızdır və əsrlər boyu bu ərazilərdə azərbaycanlılar yaşayıblar. İndi bizim işğal olunmuş ərazilərimizdə hər şey – tarixi tikililər, abidələr, məzarlar və s. dağıdılıb. Bu, işğal olunmuş ərazilərə göndərilmiş ATƏT-in iki qiymətləndirmə missiyasının hesabatlarında da əks olunub”.
Azərbaycan Prezidenti bildirib ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. İlham Əliyev, həmçinin, 1990-cı illərdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri xatırladıb: “Təəssüf ki, bu qətnamələr icra olunmur və 20 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ölkəyə – Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar analoji qətnamələr qəbul ediblər. Tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu münaqişənin həll olunmamasının yeganə səbəbi odur ki, Ermənistan işğal olunmuş əraziləri – təkcə Dağlıq Qarabağı deyil, həm də işğal altında olan yeddi ətraf rayonu azad etmək istəmir”.
Prezident deyib ki, status-kvo qəbulolunmazdır və dayanıqlı deyil: “Bu bizim mövqeyimiz deyil, bu, dünyanın aparıcı ölkələrinin, xüsusən də ATƏT-dən bu münaqişədə vasitəçilik mandatı olan ABŞ, Rusiya və Fransanın mövqeyidir. Bu ölkələrin prezidentləri bir çox hallarda açıq şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və onu dəyişmək lazımdır. Status-kvonu dəyişdirmək zəruridir, Ermənistan dərhal öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmağa başlamalı və Azərbaycan xalqına doğma torpaqlarına qayıtmağa imkan verməlidir”.
Dövlət başçısı bildirib ki, bu münaqişə müasir tarixdə təkcə ən böyük ədalətsizlik deyil, həmçinin çox da stabil olmayan regionda daimi təhdid və qeyri-sabitlik mənbəyidir: “Buna görə də münaqişənin beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında tez bir zamanda həlli zəruridir və bu halda bizim regionumuzda sülh bərqərar olacaq".
İlham Əliyev qeyd edib ki, bu münaqişəyə baxmayaraq, Azərbaycan inkişafını davam etdirir: “Bizim iqtisadi və sosial inkişafımız rəqəmlərdə əks olunub. Bu, şəhərlərimizin və kəndlərimizin bugünkü görünüşündə öz əksini tapır. Biz insan kapitalına böyük investisiyalar qoymuşuq”.
Dövlət başçısı xatırladıb ki, Azərbaycanın paytaxtı Bakı “EXPO 2025” sərgisinin təşkili üçün müraciət etmiş üç şəhərdən biridir: “Biz diqqətimizi insan kapitalına cəmləyirik və hər zaman açıq şəkildə bəyan etmişik ki, siyasətimizin mərkəzində məhz Azərbaycan xalqı dayanır. Son 15 il ərzində hər birinin səviyyəsi 5 faiz təşkil edən yoxsulluq və işsizliyin azaldılması üçün çox iş görülüb. Bu, hökumətimizin ən böyük nailiyyətlərindən biridir, çünki biz hamımız 1990-cı illərin əvvəllərindəki ağır vaxtları və ölkəmizdəki ciddi iqtisadi və sosial problemləri xatırlayırıq”.
Prezident deyib ki, Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyəsinə görə dünyada liderlərdən biridir: “Biz təhsilə, səhiyyəyə böyük investisiyalar qoymuşuq. Son 15 il ərzində Azərbaycanda 3100 məktəb, 600-dən çox xəstəxana tikilib. Azərbaycan insanların hər il ödənişsiz tibbi baxışdan keçdiyi və beş milyondan çox insanın bu imkana sahib olduğu ölkədir. Bu bizim siyasətimizdir”.
İlham Əliyev bildirib ki, təkcə niyyət və siyasət kifayət etmir: “Biz əvvəlki illərdə diqqətimizi iqtisadi müstəqilliyin əldə olunmasına cəmləmişdik. Təkcə ona görə yox ki, xalqın tələbatı daha yaxşı təmin edilsin, həm də ona görə ki, bizim siyasi müstəqilliyimiz möhkəmlənsin. Aydındır ki, ölkə iqtisadi baxımdan asılı olduqda onun müstəqil xarici siyasət yürütmək imkanları məhdudlaşır. Bizə gəldikdə isə, sürətli iqtisadi artım bizə Azərbaycan xalqının maraqlarına və ümumbəşəri dəyərlərə əsaslanan müstəqil xarici siyasət yürütmək imkanı yaratdı”.
Prezident qeyd edib ki, 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, bu da özlüyündə rekorddur: “Bizim islahatlarımız aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Davosda Dünya İqtisadi Forumunun Qlobal rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutur. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Beləliklə, biz dünyanın ən rəqabətqabiliyyətli 35 ölkəsindən biriyik. Düşünürəm ki, bu, müstəqilliyini cəmi 26 il əvvəl əldə edən ölkə üçün həqiqətən də böyük nailiyyətdir”.
Prezident bildirib ki, Davosda daha bir reytinq inklüziv inkişaf indeksinə aiddir və burada Azərbaycan üçüncü yeri tutur: “Bizi cəmi 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə qabaqlayır. Bu bizim islahatlarımıza aparıcı beynəlxalq, siyasi və maliyyə institutları tərəfindən verilən qiymətdir. Bizim islahatlarımız yaxşı nəticələr verir. İslahatlar nəticəsində adambaşına düşən birbaşa investisiyalar baxımından aparıcı ölkələr sırasındayıq. Son 15 il ərzində bizim iqtisadiyyatımıza yatırılan investisiyaların ümumi həcmi 230 milyard dollardan çox təşkil edib. Bu məbləğin yarısı xarici investisiyaların payına düşür. Beləliklə, Azərbaycan siyasəti uğurlu olduğunu artıq sübut edib. Əlbəttə, bu bizə nəinki ölkədə, eləcə də regionda investisiya yatırmağa, regional əməkdaşlıq üçün ən yaxşı platforma yaratmağa imkan verir”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan, əlbəttə, öz enerji ehtiyatları ilə məşhurdur: “Dünyada ilk neft quyusu Azərbaycanda, Bakıda qazılıb. Bu gün Azərbaycan öz enerji potensialını dünyaya açmış ölkədir. Biz xarici neft şirkətlərini Xəzər dənizində işləməyə dəvət etmiş ilk ölkəyik. Artıq 24 ildir davam edən bu əməkdaşlıq bizə və tərəfdaşlarımıza yaxşı nəticələr gətirir”.
İlham Əliyev deyib ki, Azərbaycan qonşu və dostları ilə, Gürcüstan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi vacib nəqletmə layihələri həyata keçirib: “Hər iki boru kəməri bizim karbohidrogenlərimizi beynəlxalq bazarlara çıxarır. Azərbaycan Xəzər dənizinin qarşı tərəfindən neft tədarükü üçün tranzit ölkəyə çevrilib”.
Prezident bildirib ki, bu gün Azərbaycan tərəfdaşları ilə enerji sektorunda “Cənub Qaz Dəhlizi” kimi ən iri infrastruktur layihələrindən biri üzrə geniş formatda sıx əməkdaşlıq edir. “Cənub Qaz Dəhlizi”nin tarixi layihə olduğunu qeyd edən İlham Əliyev vurğulayıb ki, bu dəhliz yeddi ölkəni birləşdirir və daha çox ölkəni cəlb etmək potensialına malikdir: “40 milyard dollar dəyəri olan bu layihə Azərbaycan təbii qazının istehsalı, nəqli və paylanmasını nəzərdə tutur. O, Bakıda başlayır və Avropada başa çatır. Beləliklə, bu, regionun və Avropanın enerji təhlükəsizliyinə həqiqətən də böyük töhfədir”.
Dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyi bir çox ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir: “Bu gün Azərbaycan nefti bir sıra Avropa ölkələrinin enerji balansının 40 faizə yaxınını təşkil edir. Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini də gücləndirəcək. Biz bu il “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm tərkib hissəsi olan “Şahdəniz-2”dən ilk qazı işə salacağıq”.
İlham Əliyev bildirib ki, Azərbaycanla Gürcüstanı birləşdirən Cənubi Qafqaz qaz kəməri və Türkiyə ərazisindən keçən Transanadolu boru kəməri “Cənub Qaz Dəhlizi”nin ən vacib tərkib hissələridir: “Hər şey plana uyğun hərəkət edir və ümid edirəm ki, tezliklə bu layihənin tarixi işə salınmasını görəcəyik”.
Daha sonra Prezident söyləyib ki, Azərbaycanla Türkiyə arasındakı regional əməkdaşlıq təkcə bu ölkələrə xeyir gətirmir, həm də bütün region üçün böyük əhəmiyyətə malikdir: “Ötən ilin oktyabrında daha bir tarixi layihəni – üç ölkə arasında dəmir yolunu istismara verdik. Əslində isə bu, qitələr arasında dəmir yoludur, çünki bu dəmir yolu Asiyadan Avropaya ən qısa nəql marşrutudur. Asiyadan Avropaya və geriyə mal tədarükü bir aydan çox deyil, iki həftə vaxt aparacaq”.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars qlobal əhəmiyyətli dəmir yolu layihəsidir: “Mən çox şadam ki, çox qısa müddət ərzində, istismara verilməsindən etibarən 6 aydan az bir vaxtda bu layihəyə artan marağı görürük. Biz Mərkəzi Asiyada, Avropada bu layihəyə böyük maraqla və ümidlə baxan yeni tərəfdaşlar görürük. Hazırda biz qarşılıqlı fəaliyyət mərhələsindəyik. Biz səylərimizi əlaqələndiririk, çünki bizə yalnız ən qısa marşrut deyil, eləcə də iqtisadi rəqabətqabiliyyətli marşrut lazımdır ki, yükləri təkcə vaxt baxımından yox, həm də xərc baxımından cəlb edə bilək. Bu, üzərində fəal işlədiyimiz məsələdir. Beləliklə, bu, həqiqətən də bizim beynəlxalq təsirə və beynəlxalq əhəmiyyətə malik fəaliyyətimizin ən mühüm hissəsidir”.
Dövlət başçısı bildirib ki, Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsinin çox aspektləri var: “Bizim səylərimiz Asiya və Avropa, Avropa və müsəlman dünyası arasında böyük qarşılıqlı anlaşma yaratmağa yönəlib. Enerji resurslarının nəqli sahəsində layihələrimiz xalqlara fayda verir, on minlərlə iş yeri yaradır və bununla da ölkələrin inkişafına kömək edir. Eləcə də regionda sabitləşdirici amil kimi rolumuz qiymətləndirilir. Ona görə də biz bu siyasətin xeyrini görürük. Bizim siyasətimiz həmişə əməkdaşlıq, qarşılıqlı dəstək, çiçəklənmə, sabitlik və gözləntilərdən ibarət olub”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın qonşuları ilə qurduğu münasibətlər yaxşı qonşuluq nümunəsinə çevrilib: “Bu gün Bakıda ilk dəfə regionun dörd ölkəsi – Azərbaycan, İran, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bundan öncə bizdə artıq üçtərəfli əməkdaşlıq formatları olub və var: Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Rusiya. Bütün bu formatlar sabitlik və sülhə, iqtisadi inkişafa, hazırda reallaşdırdığımız enerji və nəqliyyat layihələrinə xidmət edir. Onlar bütün ölkələrə xeyir gətirir. Yalnız bu halda biz uğur qazana bilərik. Biz qonşularımız olmadan heç vaxt tranzit ölkə ola bilmərik. Əgər qonşularla yaxşı münasibət yoxdursa, nə qədər investisiya yatırmağınızdan asılı olmayaraq, siz uğursuzluğa düçar olacaqsınız. Buna görə də mehriban qonşuluq münasibətləri hər bir ölkə üçün vacibdir”.
Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda güclü mövqeyə malikdir: “Gələn ay biz Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin görüşünü keçirəcəyik. Azərbaycan bu vacib beynəlxalq təşkilatın nisbətən yeni üzvü olsa da, artıq güclü dəstək görüb. Nazirlər səviyyəsindəki bu görüş də bunu əks etdirir”.
İlham Əliyev xatırladıb ki, Azərbaycan, həmçinin, Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq haqqında yeni saziş üzərində işləyir: “Bu, hərtərəfli sənəd olacaq və iqtisadi, siyasi əməkdaşlıq, təhlükəsizlik, energetika, nəqliyyat, mədəni müxtəliflik kimi bir çox sahələri əhatə edəcək. Qısası, biz regionumuzda, dünyada öz rolumuzu bu cür görürük və bu, qarşımıza məqsəd qoyarkən nail olduğumuz məsələlərdir. Bizim siyasətimiz əməkdaşlığa, dostluğa və tərəfdaşlığa yönəlib. Əvvəl də dediyim kimi, müasir Azərbaycanın əldə etdiyi nəticələr onu göstərir ki, biz doğru yoldayıq”.
Prezident qeyd edib ki, iki ay sonra Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini qeyd edəcək: “Biz çox qürur duyuruq ki, ilk dəfə müsəlman dünyasında məhz azərbaycanlılar demokratik respublika yaradıb. Müsəlman dünyasıında ilk dəfə Azərbaycan xalqı göstərdi ki, insanların bütün hüquqlarının müdafiə olunduğu azad cəmiyyətdə yaşamaq istəyir”.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan Xalq Cumhuriyyətinin bugünkü Azərbaycanın inkişafında rolu çox böyükdür: “Eyni zamanda, onlar 100 il əvvəl indi bizim fəxr etdiyimiz vacib qərarlar qəbul ediblər. Onlardan biri bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsi idi. Təəssüf ki, birinci Azərbaycan Xalq Cumhuriyyətinin həyatı çox qısa oldu - iki ildən az. Cumhuriyyətin faciəvi sonu hamımız üçün yaxşı dərsdir. Real müstəqilliyi saxlamaq onu qazanmaqdan çox çətindir. Və bugünkü Azərbaycan gələcəyə aydın baxışı olan, həqiqətən də müstəqil ölkədir. Fikrimcə, Azərbaycan Xalq Cumhuriyyətinin banilərinin Azərbaycanın bugünkü inkişafını görmək imkanı olsaydı, onlar bizimlə fəxr edərdi. Biz də onlarla fəxr edirik. Biz özümüzə və bütün dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik şəraitində uğur əldə edə bilərlər. Onların taleyi öz əllərində olanda uğur qazana bilərlər. Bunun bariz nümunəsi Azərbaycandır”.
Prezident İlham Əliyev martın 15-də Qlobal Bakı Forumuna gəlmiş Moldova Prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyəti, habelə Makedoniya Prezidenti George İvanovla görüşüb.
Eyni zamanda, Prezident İlham Əliyev martın 15-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyəti, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və Albaniya Prezidenti İlir Meta ilə görüşüb.