Məhəmməd Əsədullazadə: “AB rəsmisi belə bir açıqlama verməməli idi”.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistan-AB sammitindən sonra birgə mətbuat açıqlamasında Ermənistan Silahlı Qüvvələrini və hibrid müdaxilələrə qarşı mübarizəni dəstəklədiklərini deyib.
“Avropa Sülh Alətinin bir hissəsi olaraq, biz Ermənistan Silahlı Qüvvələrini dəstəkləyirik, lakin Ermənistanın hibrid müdaxilələrə və informasiya məkanının manipulyasiyasına qarşı da mübarizə aparması lazımdır. Avropa tərəfdaşlığımız bu hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizədə sizə maliyyə dəstəyi verəcək. Bir şey tamamilə aydındır: bu ölkədə qanuni hakimiyyətin yeganə mənbəyi erməni xalqının iradəsidir", - deyə Avropa rəsmisi qeyd edib.
Ursula fon der Leyen həmçinin Ermənistan-AB əməkdaşlığının dördüncü prioriteti olan iqtisadi dəstək və sosial dayanıqlığa toxunub. O qeyd edib ki, AB-nin 270 milyon avroluq "Davamlılıq və İnkişaf" planı iki il əvvəl işə salınıb.
"Bu planın 2,5 milyard avroya qədər əlavə investisiya cəlb etməsi gözlənilir. Biz həmçinin təhlükəsizlik məsələsi olan minaların təmizlənməsinə investisiya qoymuşuq. Qarabağdan didərgin düşmüş insanlar üçün mənzil təminatı sahəsində dəstək göstərilir", - deyə o əlavə edib.
Sülh gündəliyinin ortada olduğu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması barədə fikirlər olduğu bir vaxtda, Cənubi Qafqazda sabitliyin, sülhün bərqərar olması üçün Azərbaycanın bütün imkanlarını səfərbər etdiyi bir halda Leyenin bu cür bəyanat verməsi suallar doğurur.
Politoloqların bir qismi hesab edir ki, Leyen burada Rusiyanın Ermənistana müdaxilələrini nəzərdə tutur və ona qarşı tədbirlər görülməsi üçün Ermənistanı dəstəkləyəcəklərini bəyan edir. Yəni əsas məsələ Rusiyadan gələn təhlükəyə qarşı Ermənistanın yanında AB-ın yer almasından gedir ki, Leyen də buna təminat verir.
Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Avropa Birliyinin Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı sual doğurur: “Çünki Ermənistana 30 milyon dollar da ayrılıb. Amma burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, ola bilər, bu maliyyələşmə seçkilərdən sonra həyata keçirilsin. Ona görə ki, 7 iyun seçkiləri Ermənistanın içində suallar doğurur və kimin qalib gələcəyi müzakirə olunur. Əlbəttə, Rusiyanın və xaricdəki erməni lobbisinin dəstəklədiyi revanşistlər hakimiyyətə gələrsə AB bu yardımı göndərməyəcək. Amma Paşinyan hakimiyyətdə qalarsa bu yadımlar olacaq. Hesab edirəm ki, AB rəsmisi bunu Rusiyadan silah idxalını aradan qaldırmaq məqədilə ilə deyə bilər. Çünki müharibədə Ermənistan öz hərbi texnikasını itirdi. İndi Ermənistan tərəfi hərbi texnika məsələsində Rusiyadan aslılığı aradan qaldırmaq istəyir. İkincisi, Avropa Birliyi də hesab edir ki, əgər sülh varsa, sülh gündəliyi gündəmdədirsə artıq bu əməkdaşlıq mümkün ola bilər. Böyük Britaniya başda olmaqla Avropa ölkələri Azərbaycanla artıq hərbi sahədə əməkdaşlıq edirlər. Avropada müharibə aparan iki dövlətlə hərbi əməkdaşlığı qadağan etmişdilər. Amma indi sülh gündəliyi var. Bununla belə AB rəsmisi belə bir açıqlama verməməli idi”.
Bu istiqamətdə AB rəsmisinin belə bir açıqlama verməsi normal qəbul olunmur, çünki sülh günəliyi ilə uzlaşmır.
İradə SARIYEVA