Oktyabrın 9-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Baki-xeber.com-un Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbərinə görə, görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri İstanbuldakı Tarabya iqamətgahında bir araya gələrək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.
Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Anadolu Agentliyinin xəbərinə görə, prezidentlər arasında görüş 1 saat 15 dəqiqə çəkib və mətbuata qapalı olub.
Sonra dövlət başçıları birgə şam ediblər.
Xatırladaq ki, Azərbaycan prezidenti bu gün 23-cü Ümumdünya Enerji Konqresində iştirak etmək məqsədilə gedib.