Arzu Nağıyev: "Məqsəd, təbii ki, dini ayrıseçkilik salmaqla konfrantasiya yaratmaqdır"
Oktyabrın 4-də Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub. Yerli mətbuatın verdiyi məlumata görə, saat 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhhabi təriqətinə aid şəxslər hücum edib. Onlar qapıları sındırıb məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıb. Məscidin ətrafında olan 20-yə yaxın polis hücumun qarşısını ala bilməyib.
Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb. Bundan sonra hadisə yerinə 50-dək OMON-çu gəlib. Polis əməkdaşları Moskva "Əhli-Beyt" cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb. Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıb.
Moskva Müsəlmanları Ruhani İdarəsi isə Rusiya paytaxtındakı Cümə məscidində baş verən hadisə ilə əlaqədar azərbaycanlıların məktubuna rəsmi cavab verib. Bunu Moskva müxbirinə Rusiyada fəaliyyət göstərən "Əhli-Beyt" ictimai təşkilatının sədri Nizami Baloğlanov bildirib. Onun sözlərinə görə, Moskva Cümə məscidində oktyabrın 4-də baş verən qarşıdurmada təqribən 200 azərbaycanlı iştirak edib. N.Baloğlanov bildirib ki, icma liderləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdurmanın genişmiqyaslı davaya çevrilməsinin qarşısını alıb. O əlavə edib ki, hazırda Moskvada yaşayan azərbaycanlıların şiələr üçün müqəddəs aylarda, bayramlarda və anım günlərində toplaşacağı heç bir yer yoxdur: "Bu səbəbdən azərbaycanlılar İranın Rusiyadakı səfirliyi yanında fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində toplaşmağa məcburdur".
Qeyd edək ki, Rusiya və xüsusilə də Moskva şəhərindəki əhalinin şiə qismini təşkil edənlərin böyük əksəriyyəti azərbaycanlılardır. Rusiyada bir neçə milyon Azərbaycan vətəndaşının yaşadığını nəzərə alsaq, bu hadisələrdən heç də sığortalanmadığımız ortaya çıxır.
Məscidə hücum hadisəsinin kökündə Azərbaycanı provokasiyaya çəkmək və ya dövlətimizin son illər ərzində əldə etdiyi tolerant imicinə zərbə vurmaq məqsədləri dura bilərmi?
Ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı ilkin proqnoz vermək çətindir: "Düşünürəm ki, məhz hücum edənlərin kimlər olduğunu aydınlaşdırdıqdan sonra dəqiq bir söz demək olar. Bəyanatlardan görünür ki, hücum edənlər arasında azərbaycanlılar da olub. Rusiyanın qanunlarına görə, hər hansı dini, milii ayrıseçkilik salmaq cəhdi hüquqi cəhətdən qiymətləndirilir və ümumiyyətlə bu yasaqdır. Məlumdur ki, Moskvadakı "Əhli-Beyt" icmasının rəhbəri Nizami Baloğlanovun başçılığı altında Aşura ilə bağlı tədbir keçirilməsi nəzərdə tutulub, bundan narazılar və vəhhabilər kimi qələmə verilənlər də hücum edib. Hazırda tədbirlər İranın Moskvadakı Mədəniyyət Mərkəzində keçirilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda tolerantlıq mühiti doğrudan da dünyaya misal göstərilə biləcək bir durumdadır. Bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanları dini inanclarla bağlı Azərbaycanda ayrıseçkilik salmağa nə qədər cəhd edir, bunun qarşısı daim istər hüquq-mühafizə, istərsə də müvafiq orqanlar tərəfindən alınıb. Bundan istifadə edənlər artıq bu prosesləri Azərbaycandan kənarda həyata keçirməyə çalışır. Məqsəd, təbii ki, dini ayrıseçkilik salmaqla konfrantasiya yaratmaqdır".
Məhəmmədəli QƏRİBLİ