Seyid Camal Əzimbəyli: "Bu ziyarət Qarabağ faciəsinin etirafına bərabərdir"
Roma Papasının Azərbaycana səfər qrafiki olduqca maraqlı olub. O, səfər çərçivəsində ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirib. Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edib. Daha sonra Roma Papası və Azərbaycan Prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı olub.
Həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü baş tutub.
Azərbaycanda rəsmi səfərdə olan Roma Papası Fransisk Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlər Xiyabanında Roma Papasının şərəfinə fəxri qarovul düzülüb. Müqəddəs Taxt-Tacın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Roma Papasının Şəhidlər Xiyabanına etdiyi ziyarəti necə qiymətləndirmək olar?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, Roma Papasının Azərbaycana səfərini ümumən müsbət dəyərləndirmək olar: "Xüsusilə də bu səfərində o, Ermənistanda Dağlıq Qarabağ faciəsilə bağlı işlətdiyi lazımsız fikirlərinə də təkzib vermiş oldu. Papanın burada gördüyü tolerantlıq nümunəsindən çox razı qaldığı nəzərə çarpdı. Hətta Papa bu mühitin yaradılmasına görə Prezident İlham Əliyevə xüsusi təşəkkürünü də bildirdi. Düzdür, Dağlıq Qarabağla bağlı məsələyə münasibətində bizi qane edəcək fikirlər işlətmədi. Şəhidlər Xiyabanına edilən ziyarəti isə Dağlıq Qarabağda ermənilərin törətdiyi qırğınları tanımaq kimi qiymətləndirmək olar. Hamı bilir ki, orada uyuyanların böyük əksəriyyəti erməni terrorçuları tərəfindən qətlə yetirilib. Bu ziyarət Qarabağ faciəsinin etirafına bərabərdir. Hesab edirəm ki, Roma Papasının bu addımı Azərbaycanın haqq mövqeyini daha da möhkəmləndirəcək".
Məhəmmədəli QƏRİBLİ