DİM-in yanlış hesab edilən bəzi işlərini pisləməklə bərabər, yaxşı işlərinə qısqanclıq etmədən dəstək də verməyi bacarmaq lazımdır...
2025-ci ilin sonlarında DİM orta məktəblərin buraxılış imtahanlarının niyə ilin əvvəllərində keçirilməsinə izah verərkən ayrı-ayrı fənlər üzrə marker-müəllimlərin çatışmazlığını əsas problem kimi göstərmişdi. Çıxış yolu olaraq bildirmişdi ki, marker-müəllim kadrların hazırlanması üçün xüsusi ödənişli kursların və testlərin keçirilməsi planlaşdırılır...
Bu fikirləri “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra bildirir:
O zaman qəribə və dövlətin əlavə vəsaitlərini israf edə bilən bu plana kəskin tənqidi mübasibətimi öz FB səhifəmdə bildirdim. Mövqeyim bu oldu ki, müəllimlər onsuz da bir neçə kütləvi və üzücü imtahan-test proseslərindən ( işə qəbul, direktorluğa qəbul, sertifikasiya və sair) keçirildiyi halda, onları növbəti imtahan prosesinə cəlb etməyin nə mənası var?! Müəllimlər məgər illər boyu tədris işini bir kənara qoyaraq hansısa imtahana hazırlaşmalıdır?! Bu müəllim oxuyub-öyrəndiklərini şagirdə nə vaxt öyrədəcək bəs?!... Demişdim ki, DİM-in "mürəkkəbləşdirdiyi " bu problemin sadə həll yolu var. Yetər ki, Təhsil Nazirliyi ilə DİM-in arasında sağlam əməkdaşlıq qurulsun, ya varsa, onun imkanlarından səmərəli istifadə olunsun. Necə? Təklif etdim ki, Təhsil Nazirliyinin sertifikasiya imtahanlarından keçmiş və yüksək nəticə göstərmiş müəllimlər marker-müəllimlər olaraq DİM-in buraxılış imtahanlarına cəlb edilsinlər...
Görürəm ki, DİM rəhbərliyi təklifimə məqbul yanaşıb. Bu gün hörmətli Məleykə xanım Abbaszadənin müsahibəsini oxudum. Xanım əla bir xəbərin anonsunu verib. Təhsil Nazirliyinə müraciət edərək, sertifikasiyada 90-dan yuxarı bal toplamış nüəllimlərin siyahısını istədiyini bildirib... Həmin müəllimlərin buraxılış imtahanlarında marker-müəllimlər kimi cəlb olunacaqlarını deyib...
Bax, bu əla...Düz işə nə deyəsən...