“Kremlin Ermənistanda dövlət çevrilişinə hazırlaşması ilə bağlı iddiaları şərh etməyə belə ehtiyac yoxdur, bu cür bəyanatlar verməzdən və bu cür ittihamlar irəli sürməzdən əvvəl məlumatı təsdiq edəcək real faktlar gətirmək lazımdır.”
NEWS.ru informasiya saytı xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin açıqlama yayıb. Onu qəzəbləndirən məqam odur ki, erməni mediası, xüsusilə baş nazir Nikol Paşinyana yaxın media orqanları Rusiyanı hazırkı Ermənistan iqtidarını devirmək üçün plan qurduğunu yazırlar. .Q.Karasin deyir: "Bəzi virtual sxemlər hazırlamaq və bu barədə bütün dünyaya qışqırmaq ağılsız siyasətçilərin taleyidir. Bu cür bəyanatlar Rusiyaya qarşı düşmənçilik yaratmaq üçün yayılır. Vəziyyəti düzəltməyə və məqsədlərinə çatmağa çalışanlar üçün bu lazımdır."
Amma xatırladaq ki, bundan əvvəl Ermənistanın hökumətyönlü resursu sayılan "Baqramyan-26" Telegram kanalında Kremlin Ermənistanda dövlət çevrilişi hazırladığı barədə məlumat yayılmışdı. Kanalın məlumatına görə, “Vaqner” rəhbəri Priqojinin ölümü zamanı Ermənistanda 3000-ə yaxın "Vaqner" döyüşçüsü olub. Bu yaxınlarda daha 2000-ə yaxın müqavilə üzvü onlara qoşulub. Bildirilib ki, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə sanksiya verib, bu planın məqsədi Paşinyan və onun komandasını ölkədə mövcud olan "Vaqner"döyüşçülərinin qüvvələri tərəfindən hakimiyyətdən uzaqlaşdırmaqdır. Hazırkı baş nazirə yaxın olan media orqanları isə israrla yazır ki, hazırda Ermənistanda “Vaqnerçilər”in sayı 12 minə çatıb.
Mətləb Salahov