Moldova prezidenti İqor Dodonun ölkə xaricindəki təlimlərdə iştiraka qadağa qoymasına baxmayaraq, moldovalı hərbçilər Ukraynada başlayan NATO-nun “Rapid Trident-2017” hərbi təliminə qoşulub.
Baki-xeber.com xəbər verir ki, Moldovanın Müdafiə Nazirliyi bildirib ki, ordudan 57 hərbçidən ibarət kontingent 7-23 sentyabr tarixlərində Ukraynada keçiriləcək təlimlərdə iştirak edəcək.
Birliyin komandiri, polkovnik Aleksandr Markutsa, təlimin məqsədinin əməkdaşlığın yaxşılaşdırılması, müdafiə potensialının gücləndirilməsi və Moldova ordusunun beynəlxalq aləmdə nüfuzunun artırılması olduğunu deyib.
“Rapid Trident-2017” adlə NATO təlimləri Lvovda keçirilir. Təlimdə 14 ölkədən 2500-dən çox əsgər iştirak edir.
Prezidenti İqor Dodon sentyabrın 5-də ilk dəfə olaraq moldovalı hərbçilərə beynəlxalq hərbi təlimlərdə iştirak etməyi qadağan edib. O, moldovalı əsgərlərin ölkə xaricindəki təlimlərdə iştirakını qəbul etmədiklərini deyib: "Moldovalı hərbi qulluqçuların ölkədən kənarda hərbi təlimlərdə iştirakı bizim üçün qəbuledilməzdir".
Moldova prezidenti bir müddət əvvəl isə bəyan etmişdi ki, ölkənin NATO-da üzvlüyü qətiyyən yolverilməzdir.
Rusiyaya yaxınlığı ilə tanınana Dodon, ilin əvvəlində Moldova hərbçilərinin Rumıniyadakı NATO təlimlərində də iştirak etməsinin qarşısını almışdı.
Dodonun qadağası, hökumətlə prezident arasında fikirayrılığını da açıq ortaya qoydu. Avropa Birliyi (AB) və ABŞ-la sıx əlaqələr qurmaqda maraqlı olan Moldova paş naziri Pavel Filip Dodonun ölkə xaricindəki təlimlərdə iştirak qadağasını təəccüblə qarşıladığını deyib.
Qeyd edək ki, 2014-cü ildə AB ilə Moldova ticarət razılaşması imzalayandan sonra, Rusiya Moldovadan kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb.