ABŞ İŞİD-in 20-dən çox səhra komandirini Əsəd tərəfdarlarının iki gün əvvəl mühasirəsini yardığı Suriyanın Deyr əz-Zor şəhərindən təxliyə edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hərbi-diplomatik mənbələrə istinad edilən məlumatlarda bildirilir ki, avqust ayında ABŞ Hərbi-Hava Qüvvələrinə aid helikopter Deyr əz-Zor şəhərində olan 20-dən çox İŞİD yaraqlısını bölgədən çıxararaq ölkənin şimalına aparıb.
"Xüsusilə, 26 avqustda gecə saatlarında Deyr əz-Zorun şimal-qərbindəki Traif qəsəbəsi yaxınlığındakı bir yaşayış məntəqəsindən İŞİD-in Avropa mənşəli iki səhra komandiri ailələrilə birlikdə bölgədən çıxarıldı" deyən mənbə, 28 avqustda da təxminən 20 səhra komandirinin şəhərin cənub-şərqindəki Elbu Leyl qəsəbəsindən təxliyə edildiyini bildirib.
Mənbənin bildirdiyinə görə, Vaşinqton ABŞ xüsusi xidmət orqanları tərəfindən dəstəklənən İSİD yaraqlılarının təcrübəsindən digər bölgələrdə də istifadə etmək niyyətindədir.
Bunun ilk fakt olmadığı qeyd edilən məlumatlarda, may ayında da Deyr əz-Zordan İŞİD-in səhra komandirlərinin və bəzi avropalı muzdlu döyüşçülərin təxliyə edildiyi, iyun-iyul aylarında isə Rakkada da bənzər təxliyə əməliyyatlarının aparıldığı iddia edilir.
Əsir götürülmüş terrorçular da dindirilərkən ABŞ xüsusi xidmət orqanlarının səhra komandirlərinə dəstəyi ilə bağlı çoxsaylı faktlar barədə danışıblar. Onların sözlərinə görə, dəstək istər keçmiş, istərsə də hazırkı administrasiya dövründə göstərilib.
Qeyd edək ki, Bəşər Əsəd rejimi iki gün əvvəl, Deyr əz-Zorun mərkəzindəki terror təşkilatı İŞİD-in blokadasının qırıldığı barədə məlumat yaymışdı.