PKK ilə Suriya ordusu ölkənin neftlə zəngin olan bölgəsində toqquşa bilər. Baki-xeber.com xəbər veri ki, ABŞ-ın İŞİD-lə mübarizə bəhanəsilə dəstəkləndiyi PKK-nın Suriya qolu PYD/YPG silahlıları neftlə zəngin olan Deyrizor bölgəsində Suriya ordusu ilə üz-üzə gəlib.
Son bir neçə ay ərzində ABŞ və PYD/YPG silahlılarının Rakkaya hücumlarından sonra İŞİD üzvləri şəhərin cənubundakı Deyrizora axışmağa başlayıb.
Artıq Suriya ordusuburada möhkəmlənməyə çalışan İŞİD-in mühasirəsini yarmağı bacarıb.
İŞİD üçün kritik əhəmiyyətə malik olan bu bölgədə indi də PKK və Əsəd ordusu arasında neft müharibəsinə səhnə ola bilər. İŞİD yaraqlılarını bölgədən çıxarmağa çalışan Əsəd əsgərləri ilə YPG-lərin bölgə neftinə görə toqquşacağı ehtimal edilir.
Rusiya da Əsədə dəstək məqsədilə Aralıq dənizindəki Qara dəniz donanmasına aid Admiral Essen gəmisindən raketlərlə Deyrizor yaxınlığındakı İŞİD hədəflərini vurub. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, bombardmanda Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrindən gedən İŞİD yaraqlılarının nəzarət etdiyi Eş Şol qəsəbəsinin yaxınlığında bir bölgə vurulub. Nəticədə Deyrizorda onlarla terrorçu öldürülüb, İŞİD-ə aid rabitə mərkəzi, silah-sursat anbarları məhv edilib.
Nazirlik qeyd edir ki, terrorçuların yenidən qruplaşması və Deyrizor yaxınlığındakı mövqelərini gücləndirmə planları pozulub, digər tərəfdən də Suriya hökumət qüvvələrinin irəliləməsinə şərait yaradılıb.
Əsədin əsgərlərinin şəhərin təxminən 16 km-də olduğu, bölgədə olan İŞİD yaraqlılarının da buranı tərk edərək İraq sərhədinə doğru irəlilədiyi bildirilir. İŞİD tamamilə geri çəkildikdən sonra isə, Əsədin əsgərlərinin YPG ilə qarşı-qarşıya gələcəyi qaçılmaz görünür.