Hər keçən gün sürətlə tənəzzülə doğru yön alan Ermənistanın siyasi rəhbərliyi hər nə qədər ölkədəki investisiya mühiti barədə utopik fikirlər səsləndirsə də, elə bu ölkənin öz mətbuatına vizual nəzər salmaqla bu sözlərin həqiqətdən nə qədər uzaq olduğunu görmək mümkündür. Üstəlik, ölkənin öz içində belə bu nağıllara inananların da sayı getdikcə azalmaqdadır.
Bu günlərdə isə dediklərimizin daha bir təsdiqi erməni iqtisadçısı Vaaqn Xaçatryanın dilindən səslənib. Ermənistanda investisiya mühitinin olmadığını birmənalı dilə gətirən ekspert deyib ki, hazırda bu ölkəyə ancaq hakimiyyətdə güclü dayağı olanlar və elə hakimiyyətin öz nümayəndələri sərmayə yatırır. Lragir.am saytına açıqlamasında erməni iqtisadçısı deyib ki, investisiya ilə bağlı situasiyanı şərh edərkən “kədərli” sözü çox yumşaq səslənir, hökumətin vəd etdiyi 800 və ya 600 milyon dollarlıq investisiya isə sadəcə blefdir. Belə ki, Milli statistika xidmətinin məlumatına görə, bu ilin birinci yarısının yekunları, sərmayə axını əvəzinə, ölkədən daha çox pul çıxarıldığı gerçəyini ortaya qoyub. Vaaqn Xaçaturyan deyib ki, Ermənistan iqtisadiyyatına ən böyük yatırım Cersi offşor adasından gəlib. Sözügedən adanı “dünyanın ən böyük camaşırxanası” adlandıran erməni iqtisadçı deyir ki, oradan gələn kapitalın “çirkli pul” olmadığına isə heç kəs zəmanət verə bilməz. Ölkədən pul axınının artımını buradakı ümidsiz vəziyyətlə əlaqələndirən iqtisadçı deyib ki, bunun bir səbəbi insanların öz əmlaklarını sataraq ölkəni tərk etməsidirsə, digər səbəb onların öz kapitallarını daha təhlükəsiz mühitdə yatırım etmək istəməsidir. Daha maraqlısı odur ki, Xaçaturyanın da dediyi kimi, Rusiyadan gələn sərmayənin də həcmi nəzərəçarpacaq dərəcədə azalıb, əvəzində isə Rusiyaya istiqamətlənən sərmayə həcmi artıb. “Bu isə o deməkdir ki, hətta rus kapitalının da artıq Ermənistana inamı qalmayıb”- deyən ekspert bildirib ki, hazırda Ermənistan yalnız “çirkli pulların yuyulduğu camaxırxana” kimi istifadə olunur.
Beləlikləbəlli olur ki, prezident Sarkisyan hər fürsətdə ölkəsilə bağlı sanballı rəqəmlərlə dolu nağıllar uydursa da, faktlar başqa şey deyir, göydən isə üç alma düşmür...
Baki-xeber.com