İranın Baş Qərargah rəisi general ABŞ-ı təhdid edib. Baki-xeber.com xəbər verir ki, Məhəmməd Bakiri İrana mümkün hücumun "çox ağır" olacağını və mümkün döyüş sahəsinin İran ərazisi ilə məhdudlaşmayacağını söyləyib.
"Mümkün döyüş sahəsi yalnız İran ərazisi ilə məhdudlaşmayacaq" deyən Baş Qərargah rəisi İrana qarşı hərbi əməliyyatların başlanma ehtimalının az olduğunu, əgər bu baş verərsə də yerüstü olmayacağını iddia edib. İrana qarşı mümkün hücumun hava və ya raket hücumu ola biləcəyini söyləyən general Bakri, ölkənin lideri Ayətullah Əli Xameneinin hava müdafiə sahəsinə daha çox sərmayə qoyulmasını istədiyini deyib.
İrana hücum edə biləcək ölkənin adını açılamayan İran generalı xəbərdarlıq edib ki, "Onlar hücumun başlanğıcını təyin edə bilərlər, amma nə vaxt bitəcəyini və döyüş sahəsini müəyyən edə bilməyəcəklər".
İranlı general açıqlamasında ölkə adı çəkməsə də, heç şübhəsiz ABŞ-ı nəzərdə tutur. Çünki, İran və Qərb ölkələri 2015-ci ildə Tehranın nüvə fəaliyyətinə dair razılığa gəlmələrinə baxmayaraq, İranın ballistik raket fəaliyyəti ilə bağlı ötən aylar ərzində Vaşinqton-Tehran xəttində tez-tez gərginlik yaşanır.
Ötən ay ABŞ, İran İnqilab Keşikçilərinə əlavə sanksiyalar tətbiq etdikdən sonra, İran da raket proqramı üçün büdcəsini artırmağa qərar vermişdi.
Bu arada, İranın ərəb dilində proqramlar yayımlayan Əl-Ələm telekanalının verdiyi məlumata görə, ölkənin hərbi hava müdafiə bazasından son 6 ayda İranın hava hövzəsinə yaxınlaşan ABŞ kəşfiyyat təyyarələrinə iki dəfə xəbərdarlıq göndərilib.
Əl-Ələm telekanalı İranın hərbi hava müdafiə qüvvələrinin başçısı, briqada generalı Fərzad İsmailiyə istinadən xəbər verib ki, İran martın 21-də U2 kəşfiyyat təyyarəsinə xəbərdar edib. General hadisənin baş verdiyi yerin detallarını qeyd etməyib.
O həminin bildirib ki, hərbi hava müdafiə qüvvələri avqustun 26-da ABŞ dronuna xəbərdarlıq edib.
General İsmaili deyib: “Biz belə quduz təyyarələrin bizim ərazimizə daxil olmasına icazə vermirik və lazım gəlsə, onları məhv etməkdən çəkinməyəcəyik.”
İran ölkənin hərbi qüvvələrinin qabiliyyətini nümayiş etdirmək məqsədilə əvvəllər də bu kimi hadisələrin baş verdiyini qeyd edib.