Rusiya XİN Amerika hökumətini “ağlını başına toplamağa” və Rusiyanın diplomatik obyektlərini dərhal təyinatı üzrə qaytarmağa çağırıb, əks halda “iki ölkə arasında münasibətlərin deqradasiyasının məsuliyyətinin ABŞ-ın üzərində qalacağı” bildirilib.
Baki-xeber.com-un “Novaya qazeta”ya istinadən xəbərinə görə, bu barədə RF XİN-in saytında yer alan açıqlamasında deyilir. “Baş verənləri açıq şəkildə düşmənçilik aktı olaraq qəbul edirik. Bu həm də beynəlxalq hüququn, diplomatik və konsulluq əlaqələri haqqında Vyana konvensiyalarının, eyni zamanda ikitərəfli Konsulluq konvensiyasının tələblərinin Vaşinqton tərəfindən kobud şəkildə pozulması deməkdir”- RF XİN-in açıqlamasında deyilir. Açıqlamada Rusiya XİN növbəti dəfə diqqətə çatdırır ki, Amerika hökumətinin “zəbt etdiyi” Rusiyanın San-Fransiskodakı Baş konsulluğunun binası və Vaşinqtondakı Ticarət nümayəndəliyi onun öz əmlakı olmaqla diplomatik immunitet daşıyır. Qurum hazırda sözügedən ünvanlarda ABŞ xüsusi xidmətinin polisin dəstəyi altında yerləşdirilməsini yolverilməz hesab etdiyini açıqlayıb.
Xatırladaq ki, daha öncə KİV Rusiyanın Ticarət nümayəndəliyində axtarış aparılması barədə yazmış və bunu beynəlxalq hüququn kobud pozuntusu adlandırmışdı. Öz növbəsində, Dövlət Departamenti bunun axtarış deyil, “ABŞ-ın nəzarətinə keçəcək obyektlərə baxış” olduğunu bildirmişdi.