ABŞ Rusiyadan San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Hizer Nauert açıqlama verib.
“Rusların əsaslandığı paritet ruhuna uyğun olaraq Rusiya hökumətindən San Fransiskodakı konsulluq, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq binalarını bağlamağı tələb edirik. Bu tələb sentyabrın 2-dək yerinə yetirilməlidir”, - deyə H.Nauert bildirib.
Adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi isə ABŞ-ın Vaşinqton və Nyu-Yorkda bağlanmasını tələb etdiyi konsulluq obyektlərinin ticarət nümayəndəlikləri olduğunu deyib: "San Fransiskoda konsulluq və rəsmi binadan söhbət gedir. Vaşinqton və Nyu-Yorkda isə müxtəlif qurumları olan çox sayda binalar var, sözügedən binalar ticarət nümayəndəliklərinin binalarıdır”.
Kremlin sözçüsü Dmitri Peskov isə ABŞ-ın Rusiyaya qarşı addımlarından təəssüfləndiyini və bu addımları cavabsız qoymayacaqlarını bəyan edib: "ABŞ-dakı həmkarlarımızın münasibətinin konstruktivlikdən uzaq olmasından təəssüflənirik və əlbəttə ki, bizə qarşı dostyana olmayan, bəzən düşməncə addımları cavabsız qoymayacağıq”.
Qeyd edək ki, bir müddət əvvəl "Kommersant' qəzeti diplomatik qaynaqlara istinadən, Vaşinqtonun, Moskvanın sanksiyalarına cavab olaraq, Rusiyadakı amerikalı diplomatların sayının azaldılması və bəzi diplomatik mülklərin müsadirəsini nəzərdə tutan sanksiyalara elə bu şəkildə cavab verməyi planlaşdırdığını yazmışdı.
Xatırladaq ki, ABŞ Konqresində qəbul olunan sanksiya qanunundan sonra Rusiya hökuməti ölkə ərazisindəki ABŞ diplomatik missiyalarının əməkdaşlarının sayını bu ölkədəki Rusiya diplomatik missiyalarının əməkdaşlarının sayına uyğunlaşdırıb - 455 nəfər. Nəticədə Rusiyadakı ABŞ missiyaları 755 nəfər ixtisara salınıb. Bundan başqa, Rusiya Moskva ətrafında ABŞ diplomatlarının istifadə etdiyi bağ evinə, eləcə də paytaxtdakı Dorojnaya küçəsində yerləşən anbarlara həbs qoyub.
ABŞ, öz növbəsində, Rusiya ərazisində qeyri-immiqrasiya vizalarının verilməsi prosedurunu qeyri-müəyyən müddətə dayandırıb.