ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş agenti Valeri Uilson ABŞ prezidenti Donald Trampın hesabını bağlamaq məqsədi ilə “Twitter”i almaq niyyətindədir. Bu məqsədlə o, ianə toplamağa başlayıb.
Baki-xeber.com xəbər verir ki, Trampın “Twitter” hesabının bağlanması məqsədi ilə başladılan kampaniyada artıq 10 min dollara yaxın pul toplanıb.
CIA agenti Uilson "www.gofundme.com" saytında "Twitteri satın alaq və Trampı susduraq" başlığı ilə açdığı ianə kampaniyasına bu sözlərlə dəstək istəyir: "Donald Tramp, “Twitter”də qorxunc şeylər edir. İrqiçilərə cəsarət verməkdən, jurnalistlərə qarşı zorakələğı təşviq etməyə qədər gedən paylaşımları bu ölkəyə zərər verir və insanları risqə atır. Şimali Koreya ilə gerçək bir nüvə müharibəsi təhdidi isə işləri çox təhlükəli bir səviyyəyə gətirdi. Artıq onu susdurmağın zamanıdır".
“Twitter”in, çağırışlara baxmayaraq, Trampın hesabını bağlamadığını xatırladan Uilson, açıq şəkildə satılan şirkətin səhmlərini satın alaraq, buna nail olmağa çalışır. Ancaq Uilsonun “Twitter”də böyük bir pay alaraq, burada söz sahibi olması üçün 1 milyard dollardan çox vəsait tələb olunur.
Ağ Evin sözçüsü Sarah Sanders isə ianə kampaniyasını "axmaq bir cəhd" kimi xarakterizə edib.